Bəhreyn Krallığının nümayəndə heyəti Milli Məclisdə olub
Sentyabrın 5-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"İnformator.az" "AZƏRTAC"a istinadla xəbər verir ki,verilən məlumata görə, görüşdə Fərid Hacıyev qonaqların səfərinin parlament aparatları səviyyəsində münasibətlərin inkişafına töhfə verəcəyinə inamını bildirib. O, bu gün ölkələrimizin qanunvericilik orqanları arasındakı səmərəli əlaqələrdən söz açıb, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Parlamentlər səviyyəsində əlaqələrin inkişaf etdiyini deyən Fərid Hacıyev bu istiqamətdə iki ölkənin parlament sədrlərinin davamlı səylərini xüsusi qeyd edib, parlamentlərimizin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından, parlament diplomatiyası institutunun möhkəmləndirilməsində, qlobal parlament dialoqunun təşviqində fəal iştirakından danışıb.
Milli Məclisin fəaliyyəti, Aparatının strukturu və qanunvericilik prosesi barədə məlumat verən Fərid Hacıyev hər iki ölkənin parlament aparatları arasında əməkdaşlığın inkişaf perspektivləri, bu çərçivədə əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi proqramlarının reallaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
