00:00:00
Yazar
Admin User
12.11.2025 08:55 234 3 dəq oxuma
Siyasət

Bəhruz Məhərrəmov: “Azərbaycan, Türkiyə və Pakistanın birliyi regionun gələcəyinə yön verir”

Bəhruz Məhərrəmov: “Azərbaycan, Türkiyə və Pakistanın birliyi regionun gələcəyinə yön verir”

Deputat Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan, Türkiyə və Pakistanın strateji tərəfdaşlığı regionda sülh və sabitliyin əsas dayaqlarından biridir. Onun sözlərinə görə, Zəfər paradında qardaş ölkələrin liderlərinin iştirakı bu birliyin sülhə və təhlükəsizliyə yönəlmiş mesajının göstəricisidir. “Bu tərəfdaşlıq heç kimə qarşı deyil, məqsəd daha təhlükəsiz və ədalətli dünya qurmaqdır”, – deyə deputat vurğulayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib ki, Azərbaycanın 8 Noyabr 2025-ci ildə qeyd etdiyi Zəfər Günü Paradı, təkcə 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin beşillik yubileyini deyil, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzənin nümayişini simvolizə edir:

 

"Bu ilki paradda Türkiyə və Pakistan liderlərinin iştirakı, həmçinin bu ölkələrin hərbçilərinin Azərbaycan Ordusu ilə birgə addımlaması sıradan bir diplomatik addım deyil - bu, üç qardaş dövlətin strateji həmrəyliyinin açıq və siyasi mənada “nümayişinin” ifadəsidir. Bu hadisə ilk növbədə regionda güc balansının artıq dəyişdiyini göstərir. 2020-ci il müharibəsindən sonra Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməyib, həm də özünü regionun əsas hərbi-siyasi aktoru kimi təsdiqlədi. Türkiyənin Vətən müharibəsi zamanı və sonrasında verdiyi dəstək, iki ölkə arasında hərbi ittifaq səviyyəsinə yüksələn Şuşa Bəyannaməsi, indi artıq praktik müstəvidə öz əksini tapır.

 

Pakistanın da bu paradda iştirakı təsadüfi deyil - İslamabad müharibə dövründə ilk gündən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və uzun illər ərzində işğalçı Ermənistanla hər hansı diplomatik əlaqələr qurmayan ölkədir. Odur ki, keçirilən Parad bu üçlüyün “siyasi bəyanatdan çox, faktiki ittifaq kimi” qəbul edilməsinin göstəricisidir.

 

Azərbaycan, Türkiyə və Pakistan arasındakı “Üç Qardaş” formatı artıq yalnız mədəni və diplomatik çərçivədə deyil, hərbi əməkdaşlıq və təhlükəsizlik arxitekturası səviyyəsinə yüksəlməkdədir. Birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı, kəşfiyyat mübadiləsi və beynəlxalq arenada qarşılıqlı siyasi dəstək bu birliyin real dayaqlarını təşkil edir.

 

Paradda bu üç ölkənin bayraqlarının yanaşı dalğalanması, xüsusilə də eyni sırada addımlayan hərbçilərin görüntüsü, “müasir müsəlman dünyasında birliyə çağırışın” konkret simvoluna çevrilir. Geosiyasi planda bu addım həm də Bakı–Ankara–İslamabad oxunun güclənməsini göstərir. Digər tərəfdən, bu mesaj təkcə dostlara deyil, həm də regionda maraqları olan qüvvələrə yönəlib: Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin formalaşması artıq təkcə Qərb və Moskvanın diktəsi ilə müəyyən olunmur. Azərbaycan bu paradda faktiki olaraq “biz öz təhlükəsizliyimizi öz müttəfiqlərimizlə təmin edə bilərik” mesajını verir. Zəfər Paradında Türkiyə və Pakistan əsgərlərinin addımlaması həm də qardaşlıq, ortaq inanc və mübarizə dəyərlərinin təntənəsidir. Bu, təkcə hərbi güc nümayişi deyil, eyni zamanda ədalət, birgə tarix və gələcəyə yönəlmiş strateji vizionun ifadəsidir. Rəsmi Bakı bu yolla göstərir ki, Zəfər Günü təkcə keçmişin qələbəsini xatırlamaq üçün deyil, həm də gələcək əməkdaşlığın təməlini möhkəmləndirmək üçün qeyd olunur. Ümumiyyətlə isə Azərbaycan–Türkiyə–Pakistan birliyinin formalaşması Orta Asiya və Yaxın Şərq regionlarında geosiyasi tarazlığa mühüm təsir göstərə bilər. Bu üç ölkə strateji mövqelərinə, enerji resurslarına, hərbi və diplomatik potensialına görə bir-birini tamamlayan güclərdir. Belə bir əməkdaşlıq ilk növbədə iqtisadi və təhlükəsizlik sahəsində yeni imkanlar aça bilər. Hərbi-siyasi baxımdan isə bu birlik, kənar təsirlərin azaldılmasına, regional problemlərin həllinə təkan verə bilər. Bununla belə, İran və Hindistan kimi dövlətlərin bu birliyə ehtiyatla yanaşaçağı da şübhəsizdir. Çünki balansın dəyişməsi onların maraqlarına təsir edə bilər. Ümumilikdə isə Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı regionda sabitlik, iqtisadi dinamika və müstəqil qərarvermə proseslərini gücləndirə biləcək mühüm geosiyasi təşəbbüsdür.

 

Son olaraq qeyd edim ki, keçirilən Parad göstərdi ki, Azərbaycan artıq regional güc mərkəzi olmaqla yanaşı, öz ətrafında real strateji ittifaq formalaşdırmaq gücündədir. Türkiyə və Pakistanın iştirakı isə bu ittifaqın dini və mədəni qardaşlıqdan kənara çıxaraq hərbi-siyasi reallığa çevrildiyinin sübutudur. Zəfər Günü bu mənada yalnız qələbənin beşilliyi deyil - yeni bir geosiyasi mərhələnin rəsmi elanıdır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər