00:00:00
Yazar
Admin User
22.08.2025 14:46 291 3 dəq oxuma
Sosial

Bir sıra ali məktəblərdə pedaqoji ixtisaslara tələbə qəbulu niyə dayandırılır?

Bir sıra ali məktəblərdə pedaqoji ixtisaslara tələbə qəbulu niyə dayandırılır?

Bu il bir sıra ali məktəblərdə pedaqoji ixtisaslar üzrə tələbə qəbulu dayandırılıb. “İbtidai sinif müəllimliyi” başda olmaqla, müxtəlif ixtisasların ləğvi təhsil sahəsində müəyyən müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, ali məktəblərdə bəzi pedaqoji ixtisasların, xüsusilə də ibtidai sinif müəllimliyi kimi ixtisasların ləğvi bir sıra səbəblərlə izah oluna bilər:

 

"Bu qərarların arxasında həm strateji, həm də praktiki təhsil siyasəti motivləri dayanır. Əvvəla, müəllim bazasında doyumluq məsələsi var. Son illər pedaqoji ixtisaslara qəbulun artması nəticəsində bəzi sahələrdə, xüsusilə də ibtidai sinif müəllimliyi üzrə kifayət qədər kadr hazırlanıb. Təəssüf ki, bu kadrların çoxu keyfiyyətsiz şəkildə hazırlanır. Kolleclərin məzunlarının, xüsusən də regionlarda yetişənlərin böyük qismi imtahanlarda uğursuz nəticə göstərir. Bu isə baza zəifliyi, metodoloji çatışmazlıqlar və düzgün təhsil siyasətinin aparılmaması ilə bağlıdır. Müəllimlərin çoxluğu işsizlik problemini dərinləşdirir və gənc müəllimlərin iş tapmaq imkanlarını azaldır. Bu baxımdan, pedaqoji ixtisasların plan yerlərinin azaldılması qaçılmaz olur. Təklif-tələb balansı qorunmalıdır. Məsələn, ölkədə 10 min ibtidai müəllim varsa, lakin ehtiyac cəmi 100 müəllimdirsə, əlavə kadr hazırlamaq yanlış siyasətdir. Bu səbəbdən bəzi filiallarda ixtisasların ləğvi düşünülən addımdır. Pedaqoji universitetlərin rayon filiallarında baza zəif olduğu üçün ibtidai sinif müəllimlərinin keyfiyyətli hazırlanması mümkün deyil. Orada ən yaxşı halda məktəbəqədər təhsil və ya fənn müəllimliyi ixtisasları saxlanıla bilər. İbtidai sinif müəllimliyi isə strateji baxımdan xüsusi yanaşma tələb edir. Çünki keyfiyyətli ibtidai müəllim hazırlamaq asan məsələ deyil. Müəllim hazırlığında kəmiyyət yox, keyfiyyət önəmlidir. Bəzi ixtisasların müvəqqəti dayandırılması və ya daha ixtisaslaşmış formada təqdim edilməsi daha məqsədəuyğundur. Eyni və oxşar ixtisasların birləşdirilməsi ilə güclü tədris proqramları və təcrübə imkanları yaradıla bilər. Nazirlik müəllimlərin peşəkarlığının artırılması istiqamətində yeni yanaşmalar tətbiq etməlidir".

 

Həmçinin ekspert bildirib ki, köhnələn və ehtiyacı olmayan proqramlar aradan qaldırılmalıdır:

 

"Sadəcə ad dəyişikliyi ilə iş bitmir. Məsələn, “Korreksiyaedici təlim” ixtisasının adını “Xüsusi pedaqogika” ilə əvəzləmək yetərli deyil. Struktura və fənn seçimlərinə də yenidən baxılmalıdır. Yeni pedaqoji model və texnologiyalara keçid vacibdir. Ənənəvi ixtisaslar çağırışlara cavab verə bilmədikdə, onları müasir istiqamətlərlə əvəzləmək lazımdır. Regionlarda balans məsələsi də mühümdür. Bəzi bölgələrdə müəllim çatışmazlığı, digərlərində isə bolluq müşahidə olunur. Bu qeyri-bərabərlik pedaqoji ixtisasların qəbul planına yenidən baxılmasını tələb edir. İxtisasların ləğvi və ya azaldılması həm müsbət, həm də mənfi nəticələr doğura bilər. Müsbət nəticəsi odur ki, daha az, lakin daha keyfiyyətli müəllim hazırlanacaq. Universitetlər praktik təcrübəyə əsaslanan təhsil proqramları tətbiq etməlidirlər. Çünki təcrübəsiz gənc məzunların birbaşa kənd məktəblərinə göndərilməsi yanlış siyasətdir. Türkiyədə tətbiq edilən “müəllim assistenti” modeli kimi sistemlər bizdə də tətbiq olunmalıdır. Təcrübəli, lakin sertifikasiyada uğursuz olan müəllimlərin isə savadsız adlandırılması doğru deyil. Onların təcrübəsi gənc müəllimlər üçün dəyərli məktəb ola bilər".

 

Eyni zamanda ekspert bildirib ki, müəllim işə qəbulunda da problemlər var. Hazırda əvvəlcə test, sonra müsahibə keçirilir. Halbuki, əksinə olmalıdı:

 

"Əvvəlcə müəllimin kompetensiyası, davranış bacarıqları yoxlanılmalı, daha sonra test mərhələsi keçirilməlidir. Müəllim peşəsinin cəlbediciliyi artırılmalıdır. Hazırda 200 balla müəllim ixtisasına qəbul mümkündür ki, bu da biabırçılıqdır. Müəllimlik ixtisasları ən azı 500 baldan yuxarı olmalıdır. Müəllimlər normal maaş və şəraitlə təmin olunmalıdır. Əks halda təhsil keyfiyyəti yüksəlməyəcək. Yeni ixtisasların yaradılması da vacibdir. Məsələn, “ibtidai sinif müəllimliyi” əvəzinə “ibtidai təhsil üzrə STEAM müəllimliyi”. Bu, həm işsiz müəllimlərin sayını azaldar, həm də əmək bazarının ehtiyaclarına uyğunlaşmanı təmin edər. Nəticə etibarilə, təhsil sahəsində köklü islahatlara ehtiyac var. Ənənəvi yanaşmalarla davam etmək mümkün deyil. Ali təhsilli insanların sayının artması vacibdir, lakin keyfiyyət, ixtisaslaşma və real bazar ehtiyacları nəzərə alınmalıdır".

 

Nigar Həsənzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər