00:00:00
Yazar
Admin User
05.12.2025 16:58 212 4 dəq oxuma
Siyasət

BMT-də Azərbaycanın bərpa və quruculuq siyasəti nümunə kimi

BMT-də Azərbaycanın bərpa və quruculuq siyasəti nümunə kimi

Son günlər Azərbaycan BMT platformasında işğaldan azad edilən ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərini və bölgəyə qayıdış prosesini diqqət mərkəzinə çıxarıb. BMT-nin üzv dövlətləri ilə keçirilən iclasda ölkəmizin nümayəndəsi Hüsniyyə Məmmədova son beş ildə aparılan yenidənqurma fəaliyyətləri, beynəlxalq əməkdaşlıq və münaqişədən sonrakı inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. Qlobal müzakirələr fonunda Qarabağa qaydışın sürəti, ayrılan maliyyə resursları və gələcək planlar Azərbaycanın davamlı inkişaf modelinə marağı daha da artırıb.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov "İnformator.az"a bildirib ki, BMT iclasında Azərbaycanın işğaldan azad olunan ərazilərlə bağlı təqdim etdiyi məlumatlar beynəlxalq auditoriyada yüksək təsir yaradıb:

 

"Çünki Azərbaycan həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini ardıcıl şəkildə həyata keçirir və bu fəaliyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə tam cavab verir. Ümumiyyətlə, Azərbaycan bu istiqamətdə göstərdiyi fəaliyyətlə bir çox dövlətlər üçün nümunə ola biləcək bir model formalaşdırıb. Post-münaqişə dövründə əksər dövlətlər uzun illər fəsadların aradan qaldırılması ilə üzləşirlər. Tarixən də bunun nümunələri çoxdur. İkinci Dünya müharibəsindən sonra Avropanın bərpası üçün ABŞ məşhur “Marşal Planı”nı tətbiq edərək böyük maliyyə vəsaitləri ayırdı. Amma Azərbaycan işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma prosesini tamamilə öz gücü ilə həyata keçirir və qısa müddətdə çox ciddi nəticələr əldə olunur. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər və 2023-ci il 19–20 sentyabr antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Bundan sonra həmin ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya prosesi sürətləndirildi. Bu prosesin miqyası, nəticələri və hədəf qrupları üzrə əldə olunan uğurlar regionun ümumi inkişaf mənzərəsini köklü şəkildə dəyişib”.

 

Böyük Qayıdışın təmin edilməsi üçün konseptual əsasların formalaşdırıldığını bildirən deputat qeyd edib ki, idarəetmə və koordinasiya mexanizmləri yaradılıb:

 

 “Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Əlaqələndirmə Qərargahı təsis edilib və bu struktur dövlət qurumlarının fəaliyyətinin uzlaşdırılmasında, vahid idarəetmə sisteminin tətbiqində mühüm rol oynayıb. Son beş ildə bu Qərargah həm koordinasiya, həm də kompleks yanaşmanın təmin edilməsi baxımından əsas institusional mexanizmə çevrilib. Əlaqələndirmə Qərargahının nəzdində yaradılan 12 işçi qrupu minatəmizləmə, nəqliyyat və rabitə, enerji təminatı, iqtisadiyyat, ekologiya, elm-təhsil-mədəniyyət, su təsərrüfatı, şəhərsalma və digər istiqamətlər üzrə geniş fəaliyyət göstərir. Dövlət başçısının tapşırıqları əsasında bölgədə iqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu qurulub, yaşayış məntəqələri və sosial obyektlər inşa edilib, sənaye parkları istifadəyə verilib, məşğulluq layihələri icra olunub. Ən vacib istiqamətlərdən biri minatəmizləmə prosesidir. Çünki mina təmizliyi aparılmadan yol, kommunikasiya və digər infrastruktur layihələrinin icrası mümkünsüzdür. Bu sahədə əldə olunan nailiyyətlər də Prezident İlham Əliyevin şəxsən nəzarətinin nəticəsidir. İşğaldan azad olunmuş ərazilərə səfərlərin təşkil olunması, həm yerli, həm də xarici qonaqların həmin bölgələri görməsi Azərbaycanın məlumatlandırma siyasətinə ciddi töhfə verir. Bu da BMT müstəvisində Azərbaycanın bərpa və quruculuq işlərini daha dolğun şəkildə təqdim etməyə imkan yaradır. Artıq 2025-ci ilin dekabrına olan məlumata görə, 60 mindən çox keçmiş məcburi köçkünün öz yurdlarına qayıdışı təmin edilib. Bu isə Azərbaycanın həm humanitar baxımdan, həm də dövlətçilik baxımından atdığı mühüm addımlardandır".

 

Azər Allahverənov həmçinin əlavə edib ki, işğal dövründə Ermənistanın törədiyi ekoloji fəsadlar, şəhər və kəndlərin tamamilə dağıdılması, mədəni irsə qarşı vandalizm böyük miqyasda idi: 

 

"Azərbaycan isə bütün bu dağıntıları aradan qaldırmaqla yanaşı, həmin əraziləri dayanıqlı inkişaf konsepsiyası əsasında yenidən qurur. Yaşıl enerji zonalarının yaradılması, su təsərrüfatı infrastrukturu, ekoloji bərpa layihələri, təhsil və mədəniyyət obyektlərinin bərpası bu siyasətin tərkib hissəsidir. Bu gün artıq bölgəyə 20 milyard manatdan çox vəsait yönəldilib. Bu investisiyalar həm böyük qayıdışı sürətləndirir, həm də bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın gördüyü işlər beynəlxalq hüququn bərpasına, insan hüquqlarının təmin olunmasına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət nümunəsi kimi qiymətləndirilir. Nəticə etibarilə, Azərbaycanın işğaldan azad olunan ərazilərdə apardığı bərpa və quruculuq işləri həm praktiki nəticələrinə, həm də beynəlxalq səviyyədə yaratdığı nüfuza görə yüksək dəyərləndirilir və hər bir azərbaycanlı üçün qürurverici bir prosesdir".

 

Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər