BMT-dən media binasına hücum edən İsrailə “beynəlxalq hüquq” xəbərdarlığı
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan, İsrailin Tehranda media binasına etdiyi hücuma dair, “Beynəlxalq hüquqa əsasən hücumların yalnız hərbi hədəflərə yönəldilə biləcəyini xatırladırıq”, – deyə bildirib.
Al-Kheetan, “İsraillə İran arasında davam edən qarşıdurmada mülki obyektlər də hədəf alınır. İsrailin hücumlarında Tehrandakı dövlət televiziyası binası hədəfə alındı. Orada da bəzi mülki şəxslər həyatını itirib. İsrailin müharibə zamanı belə bir media binasını və onun əməkdaşlarını hədəfə almasını necə qiymətləndirirsiniz? Həmçinin İsraildə sahədə işləyən bəzi jurnalistlərə qarşı təhlükəsizlik qüvvələrinin müdaxiləsini görürük. Bu barədə nə deyə bilərsiniz?” suallarını yazılı cavablandırıb.
Bu hadisələrin çoxunu izlədiklərini bildirən Al-Kheetan, “Jurnalistlər və media peşəkarları üçün tam qoruma təmin etmək məcburidir. Jurnalistlər beynəlxalq hüquqa əsasən mülki şəxs sayılırlar. Xüsusilə jurnalistlər daxil olmaqla mülki şəxslərə təsir edən bu cür pozuntuların hamısı dərhal və müstəqil şəkildə araşdırılmalıdır”, – deyə qeyd edib.
Al-Kheetan bildirib ki, jurnalistlər beynəlxalq humanitar hüquqa uyğun olan məhdudiyyətlər daxilində, davam edən qarşıdurmaların təsirini xəbər vermək də daxil olmaqla, hər yerdə sərbəst və müstəqil şəkildə fəaliyyət göstərə bilməlidirlər.
Tehrandakı media binasına edilən hücuma reaksiya verən Al-Kheetan, bunları deyib:
“(İsrailin Tehranda həyata keçirdiyi) Media binasına edilən hücumla əlaqədar olaraq, beynəlxalq hüquqa əsasən hücumların yalnız hərbi hədəflərə yönəldilə biləcəyini xatırladırıq. Hərbi hədəflər – təbiəti, yerləşməsi, məqsədi və ya istifadəsi baxımından hərbi əməliyyatlara səmərəli töhfə verən və həmin anda mövcud olan şəraitdə tam və ya qismən məhv edilməsi, ələ keçirilməsi və ya zərərsizləşdirilməsi dəqiq hərbi üstünlük təmin edən obyektlərdir.”
Xatırladaq ki, İsrail İranın Radio və Televiziya Qurumu (IRIB) binasına hücum edib.
İsrail ordusu hücumdan az əvvəl İranın paytaxtı Tehranın 3-cü bölgəsinə zərbə endirəcəyini açıqlayıb, daha sonra isə dövlət televiziyasını hədəfə alacağını bildirib.
İsrailin IRIB kompleksində yerləşən və “Şüşə Bina” (Cam Bina) kimi tanınan binaya verdiyi ziyan Anadolu Agentliyi (AA) tərəfindən görüntülənib.
TRT Haber
Xəlilli Nigar