BMT iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdış barədə məlumat verilib
Keçən il Bakıda keçirilmiş COP29-un nəticələri çoxtərəfli əməkdaşlığın gücünü və qlobal iqlim fəaliyyətinin inkişaf etdirilməsində COP Sədrliyi ilə BMT sistemi arasında koordinasiyalı əməkdaşlığın dəyərini bir daha nümayiş etdirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə böyük qayıdışı ilə bağlı məsələnin BMT-nin gündəminə çıxması müsbət hadisədir:
"Bunun başqa bir variantı da, mümkün deyil. Çünki burada təcavüzə məruz qalmış bir ölkənin işğal faktına yekun vurandan sonra özünün tarixi ərazilərində gördüyü miqyaslı işlərdən söhbət gedir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, bu ərazilərin işğaldan azad edilməsi əslində bir tərəfdən BMT-nin öz işi idi. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var idi.Ancaq BMT təəssüf ki, öz qətnamələrinin icrasında prinsipiallıq və qətiyyət göstərə bilmədi. Buna görə də, Azərbaycan öz torpaqlarını işğaldan özü azad etmək zorunda qaldı. Digər tərəfdən isə BMT-nin bu məsələni müzakirəyə çıxartmaqla bərabər bu prosesdə aktiv iştirakı da, gərəklidir. Çünki 2020-ci ildə Rusiyanın iştirakı ilə imzalanmış Azərbaycan Ermənistan Bəyannaməsinin xüsusi maddələrindən biri işğaldan azad edilmiş bölgələrə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bayrağı altında məskunlaşmanın və insanların qayıdışının təmin olunmasıdır. Amma çox təəssüflər olsun ki, BMT-nin Ali Komissarlığı Azərbaycanın azad olunmuş bölgələrinə insanların yenidən köçməsi və məskunlaşması prosesinə əməli olaraq heç bir dəstək vermədi. Nə maliyyə dəstəyi göstərildi, nə də ki, təşkilati mənada buna dəstək göstərildi. Bu, əlbəttə, BMT üçün tənqid olunması bir məqamdır və BMT rəsmilərinin bu məqamı nəzərə almaları çox vacibdir. Yəni BMT-nin hazırda Azərbaycan ərazilərinin məskunlaşmasına yanaşması mükəmməl deyil, yarımçıqdır. İnsanların ora Azərbaycan dövlətinin öz gücü və öz imkanları hesabına qayıdışına və məskunlaşmasına diqqət ayırsa da, bu, məqbul haldır. Ancaq BMT-nin özünün vəzifəsi bu qayıdışa əməli dəstək verməkdən ibarət olduğu halda, BMT bu işə heç bir dəstək vermir ki, bu da, tənqid olunası və anormal bir haldır. O ki qaldı insanların azad olunmuş ərazilərdə məskunlaşmasına maneçilik törədən amillərə, əlbəttə, burada da,yenə də, BMT-nin ünvanına tənqid olunası məqamlar var. Çünki bütün dünya bilir ki, Azərbaycan ərazisində ermənilər milyonlarla piyadalar və ağır texnika əleyhinə minalar basdırıblar. Bu minaların mütləq çoxluğu piyadalar əleyhinə olan minalardır. Yəni məqsəd dinc əhaliyə mümkün qədər ziyan vurmaqdır və ərazilərin Ermənistan tərəfindən minalanması, bu gün oraların məskunlaşmasına ən ciddi təhlükə və maneədir. Amma çox təəssüflər olsun ki, BMT onun strukturları Azərbaycanın dəfələrlə etdiyi çağırışlara baxmayaraq, ərazilərin minalardan təmizlənməsində də, Azərbaycana gərəkən və gözlədiyimiz dəstəyi vermir. Hansı ki, bu, olduqca bahalı bir işdir, eyni zamanda böyük peşəkar insan resursları tələb edən bir işdir. Amma təəssüf ki, BMT nə maliyyə nöqteyi nəzərindən, nə də minalardan ərazilərin minalardan təmizlənməsi sahəsində mütəxəssis kadrların Azərbaycanın təmin olunmasına əməli dəstəyi vermədi və həmin ərazilərin isə bəllidir ki, minalardan təmizlənməsinə hər təsadüfi və sadə insanlara buraxmaq olmaz. Bunun üçün xüsusi hazırlıqlar, xüsusi texnika lazımdır. Bütün bu işlərin hamısını Azərbaycan dövləti öz imkanları hesabına həyata keçirsə də, beynəlxalq təşkilatlardan, o cümlədən BMT-dən hələ dəstək yoxdur. Ancaq ərazilərin minalardan tam təmizlənməməsi, bu gün əhalinin tam şəkildə qayıdış prosesinə maneçilik törədən ən böyük təhlükədir “.
Reyhan Quliyeva
