BMT-nin Baş katibi Venesueladakı vəziyyətdən narahatdır
BMT Baş katibi Antonio Quterreş ABŞ-nin Venesuela ərazisində həyata keçirdiyi hərbi əməliyyatdan ciddi narahatlıq ifadə edib. Bu barədə Baş katibin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda bildirilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Amerika Prezidentinin Venesuelada hərbi əməliyyat keçirməsi və ölkənin prezidentini həbs edərək ölkədən çıxarması beynəlxalq hüquq normalarına açıq şəkildə ziddir:
“Bu cür addımlar dövlətlərin suverenliyi prinsipini pozur və beynəlxalq hüququn onsuz da zəifləməkdə olan mexanizmlərinə ciddi zərbə vurur. ABŞ-nin bu tip hərəkətlərinə əvvəllər də rast gəlinib. 1980-ci illərin sonlarında Panama prezidentinin xüsusi əməliyyatla ölkədən çıxarılaraq həbs edilməsi buna nümunədir.
Venesuela ilə bağlı son hadisə beynəlxalq hüququn faktiki olaraq işləməyən və iflic vəziyyətə düşmüş mexanizmə çevrildiyini bir daha təsdiqləyir. Bu baxımdan beynəlxalq hüquq normalarının icra mexanizmlərinin yenidən işlənməsi qlobal səviyyədə zəruri məsələyə çevrilib. BMT Baş katibinin bu məsələyə dair bəyanatı real siyasi və hüquqi təsir gücünə malik deyil. Əgər Baş katib həqiqətən narahat idisə, bu narahatlıq yalnız bəyanatlarla deyil, konkret və təsirli addımlarla müşayiət olunmalı idi. Eyni vəziyyət Azərbaycanın işğala məruz qaldığı dövrdə də müşahidə edilmiş, BMT siyasi bəyanatlarla kifayətlənmişdir. Bu hadisə təkcə Latın Amerikasında deyil, qlobal təhlükəsizlik sistemində də ciddi risklər yaradır. Belə presedentlər digər böyük dövlətlərin də oxşar addımlar atması üçün zəmin formalaşdırır. Nəticə etibarilə, ABŞ-nin bu addımı qısamüddətli siyasi üstünlük yaratsa da, uzunmüddətli perspektivdə qlobal təhlükəsizlik mexanizmlərini sarsıdan təhlükəli presedentdir “.
Reyhan Quliyeva
