00:00:00
Yazar
Admin User
23.09.2025 19:01 107 2 dəq oxuma
Siyasət

BMT sessiyasında Şimali Koreya müzakirələri

BMT sessiyasında Şimali Koreya müzakirələri

 

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Cənubi Koreya, ABŞ və Yaponiyanın xarici işlər nazirləri Şimali Koreyanın nüvəsizləşdirilməsinə dair qətiyyətli sadiqliklərini bir daha bəyan ediblər. Onlar KXDR-nin nüvə təhdidlərinin artması fonunda sanksiyaların gücləndirilməsinin və təhlükəsizlik əməkdaşlığının vacibliyini vurğulayıblar. 

 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "İnformator.az"a açıqlamasında bildirib ki, hazırkı sessiya qlobal təhlükəsizlik böhranının fonunda keçirildiyindən, KXDR məsələsi xüsusi əhəmiyyət daşıyır:

 

 “Şimali Koreya faktiki olaraq Qərbə qarşı Rusiya ilə eyni cəbhədə hərəkət edir. Bununla yanaşı, Pxenyan hərbi, xüsusilə də nüvə imkanlarını inkişaf etdirir. Bu isə təkcə Cənubi Koreya və Yaponiyanın təhlükəsizliyini deyil, həm də ABŞ-nin Uzaq Şərqdəki geosiyasi mövqelərini təhdid edir. Yaponiya və Cənubi Koreyanın ABŞ ilə birlikdə sərgilədiyi sərt mövqe qarşıdakı mərhələdə əsasən sanksiyaların gücləndirilməsi ilə özünü göstərəcək. Hər iki ölkə ABŞ-nin tərəfdaşı olaraq Şimali Koreyaya qarşı yeni təzyiq planını qəbul edir. Əsas gündəmdə sanksiyaların gücləndirilməsi dayanır, amma Şimali Koreyaya qarşı hərbi əməliyyatların keçirilməsi hələ ki, istisna edilmir".

 

Şimali Koreyanın nüvə silahları ilə bağlı siyasətinə də toxunan ekspert qeyd edib ki, Pxenyan istənilən halda nüvə silahlarını artırmaqla, həm Cənubi Koreyaya, həm də Yaponiyaya qarşı təhdidlərini davam etdirir:

 

 "Beynəlxalq nizam bu təhdidlər səbəbindən böyük risk altındadır. Mövcud reallıqlarda diplomatiyanın təsir imkanları məhduddur. Çox təəssüf ki, Şimali Koreya hələ də təxribatlardan və hərbi təhdidlərdən əl çəkmir. Bu ölkənin prioritetində sülh və dialoq yox, daha çox güc siyasəti dayanır. Bu isə regional gərginliyin azalmamasına gətirib çıxarır".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər