00:00:00
Yazar
Ayan Sədi
20.07.2026 22:35 32 3 dəq oxuma
Dünya

BMT-yə yönələn İran tənqidinin mahiyyəti

BMT-yə yönələn İran tənqidinin mahiyyəti

İran BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. Tehran Şuranın son hadisələr fonunda passiv mövqe sərgilədiyini bildirərək bu qurumun fəaliyyətini və beynəlxalq hüququn tətbiqindəki rolunu sərt tənqid edib.

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a bildirib ki, İranın BMT-ni fəaliyyətsizlikdə ittiham etməsi əvvəlki mövqeyi fonunda qeyri-səmimi görünür və bu səbəbdən beynəlxalq ictimaiyyətin bu çağırışa geniş dəstək verəcəyi inandırıcı deyil:

 

“İran çox yaxşı bilir ki, BMT tam müstəqil və nüfuzlu qurum deyil. Bu qurum daha çox veto hüququna malik olan beş daimi üzvün maraqlarına zidd indiyədək heç bir qərar qəbul etməyib. Bununla bağlı İranın indi danışmasının özü elə həmin beş daimi üzv qədər qeyri-səmimiyyətin göstəricisidir. Təbii ki, başqalarına qarşı BMT-nin ədalətsiz münasibəti olanda buna susan ölkələr bir gün BMT-nin növbəti ədalətsizliyinin qurbanına özlərinin çevriləcəyini də nəzərə almalı idilər. Vaxtilə Azərbaycan torpaqlarını işğalda saxlayan ermənilərə qarşı BMT-nin qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsini İran nəinki tələb etməyib, əksinə, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının və dövlətinin mülkiyyətinin talan edilməsində iştirak edib.

 

İranla işğal olunmuş ərazilər, o cümlədən Ermənistan və Azərbaycan arasında dövlət sərhədini sərhəd qoşunları və digər müvafiq dövlət qurumları qoruyur. Əgər onların gözü qarşısında Azərbaycanın həm dövlətə, həm də xalqa məxsus işğal olunmuş ərazilərdəki sərvətləri talan olunub, yağmalanıb və İrana daşınıbsa, dövlət qurumları da buna göz yumubsa, deməli, bu cinayətdə həmin qurumların timsalında İran dövlətinin də payı var. Ona görə də bu gün İranın növbəti qurbana özü çevrilərkən BMT-ni ədalətsizlikdə ittiham etməsi qeyri-səmimi yanaşmadır. Bu qeyri-səmimi yanaşmaya görə də düşünmürəm ki, BMT-ni tanıyan və İranın indiyədək bu kimi məsələlərdə öz dövlət maraqlarından çıxış edərək BMT qərarlarına birtərəfli yanaşmasını izləyən digər dövlətlər bu məsələdə İrana daha çox haqq versin. Maraqları İranla üst-üstə düşən dövlətlər bu məsələdə İranı təqdir edib, onu müdafiə edəcəkləri ilə bağlı bəyanatlar verəcəklər. Maraqları İranla üst-üstə düşməyən, İranla düşmən mövqedə olan dövlətlər isə ən yaxşı halda bu məsələyə göz yumacaq, İrana nə etiraz edəcək, nə də dəstək nümayiş etdirəcəklər".

 

Politoloq qeyd edib ki, BMT-də islahatlara ehtiyac var, lakin İranın əvvəlki mövqeyini nəzərə alaraq, onun qurumu tənqid etməsinin beynəlxalq ictimaiyyətdə ciddi qarşılıq tapması qeyri-realdır:

 

“Ona görə də istər qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğanın ‘Dünya beşdən böyükdür’ mesajı, istərsə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin "BMT strukturlarında islahatların aparılması zamanın tələbidir" çağırışı aktuallığını qoruyur. Həqiqətən də, bu gün dünyada beynəlxalq hüququn pozulması ilə müşahidə olunan proseslərin bünövrəsində dayanan qurumlardan biri, bəlkə də birincisi BMT-dir. Çünki BMT-nin mandatı altında dünyanın ayrı-ayrı ölkələrində bu beş nüvə dövləti öz geosiyasi ambisiyalarını və maraqlarını reallaşdırmaq üçün bir növ hüquqi əsas yaradıblar. Amma İran tərəfi zaman-zaman bu məsələdə susqun mövqe nümayiş etdirdiyinə görə, indi onun səsini başqalarının eşidəcəyini düşünmürəm. Zatən BMT nüfuzunu itirmiş qurum olduğuna görə, İranın onun haqqında nə deməsindən asılı olmayaraq, yeni dünya düzəni formalaşana qədər mövcud status-kvonun əsas aparıcı beynəlxalq təşkilatı kimi BMT fəaliyyətini davam etdirəcək".

 

Aydan Əsgərxanlı

 

 

#bmt-yə #gündəm #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər