Braziliya lideri Trampı dürüst dialoqa çağırıb
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ABŞ lideri Donald Trampı açıq və dürüst dialoqa çağırıb.
Mövzu ilə bağlı politoloq Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Braziliya ümumiyyətlə özünün iqtisadiyyatı, insan resursları, təbii resursları, ərazi böyüklüyü ilə dünyanın sayılıb seçilən nəhəng dövlətlərindən biridir:
“Üstəlik də Güney Amerikanın kilit dövlətlərindən biridir. Təbiidir ki, ABŞ-in bu və ya digər şəkildə hansısa dialoqa dəvət edə bilər, yəni cırtdan dövlət deyil, yaxudda ki, dünyada gedən ən azından Amerika qitəsində istər Güneyli, istər Quzeyli gedən proseslərə təsir etmək imkanları çox genişdir və bu baxımdan Donald Trampı dialoqa dəvət etməsi, dürüst olmağa dəvət etməsi qeyri-adi bir hal deyil və düşünürəm ki, ümumiyyətlə təkcə Amerika qitəsində deyil, yəni bütövlükdədə dünyanın hər tərəfində sülhün qarşılıqlı anlaşmanın möhkəmlənməsi baxımından burda zərərli deyil, xeyrli yönlər daha çoxdur. Bunu normal, ağlabatan bir çağırış kimi qiymətləndirirəm”.
Həmçinin şərhçi qeyd edib ki, belə bir dialoqun olması və bunun qlobal cənub ölkələrinin bütövlükdə taleyinə nə cür təsir etməsinə gəlincə, əlbəttə ki, biz daha çox qlobal, cənub deyəndə nisbətən az inkişaf etmiş, ehtiyac içində olan ölkələri göz önünə gətiririk:
“Onların həqiqətən də çox ciddi problemləri var. Yeri gəlmişkən, Koronavirus pandemiyası başlayanda Azərbaycan Qoşulmama Hərəkatının rəhbəri qismində həmin ölkələrin böyük əksəriyyətinə hardasa 80 ə qədər, bəlkə də 80 dən çox ölkəyə yardım etdi. O yardımlara həmin ölkələrin ciddi ehtiyacı var. Yadımdadır ki, Azərbaycan dövləti vaksin millətçiliyi deyə bir termin dövrəyə gətirdi və həmin termin dünyada da geniş istifadə edildi. Yəni vaksin milliyyətçiliyinin də diqqət çəkən yönü o idi ki, məhz qlobal cənubun ölkələri vaksin məsələlərində problemlə üzləşirdilər. Həm kasıb olmaları, həm dünyaya təsir etmək imkanlarının az olması, həm də ümumiyyətlə kommunikasiya problemlərinin olması qlobal cənub ölkələrinə problemlər yaşatdı. Bax, bu baxımdan Tramp və Braziliya prezidentinin dialoqu, özü də açıq dialoqu, məncə, qlobal cənuba əlavə nəfəs vermək üçün imkan kimi dəyərləndirilə bilər. Yəni bu cür dialoqlar adətən göz ardı edilən problemləri və bölgələri gündəmə gətirmək baxımından faydalıdır”.
Son olaraq politoloq qeyd edib ki, bilirsiniz ki, Latın Amerikası ölkələrinin bir xeylisinin ciddi problemləri var, daxili təhlükəsizlik problemləri var, narkotiklərin dövriyyəsi, problemləri var, hakimiyyətlərin sabit olmaması, problemləri var:
“Təbiidir ki, Amerika Birləşmiş Ştatları da öz yaxınlığındakı bu dövlətlərin işlərinə bu və ya digər şəkildə təsir etməyə, öz maraqlarını, mənafelərini orda irəli çəkməyə çalışır. Belə dialoq olacağı təqdirdə, əlbəttə ki, çox ciddi problemlərin həllində Amerika Birləşmiş Ştatlarının potensialından istifadə imkanları yarana bilər. Düzdür, Amerika Birləşmiş Ştatlarının Latın Amerikası, yaxud da Mərkəzi və Güney Amerika ölkələrinin əksəriyyəti ilə birbaşa dialoqu var. Açıq dialoqu. Amma elə dövlətlər var ki, misal üçün Venesuela Amerika Birləşmiş Ştatları ilə hər hansı şəkildə dil tapa bilmir və Amerika dövlət çevrilişinə cəhd elədi. bu və ya digər şəkildə təsir edib onları ayağa qaldırıb ölkəni xaosa sürüklədi. Bir müddət öncə yenə də Amerika orda vəziyyətin davam etməsinə öz dırnaqarası töhfəsini verir. Yəni bu proseslərin problemlərin aradan qaldırılmasında mənə elə gəlir ki, o cür dialoqlar fayda verə bilər”.
Aytac İbrahimova