00:00:00
Yazar
Admin User
18.09.2025 17:29 299 2 dəq oxuma
Siyasət

Britaniya Fələstin dövlətini tanıyacaq

Britaniya Fələstin dövlətini tanıyacaq

“Tayms” qəzeti məlumat yayıb ki, Böyük Britaniya bu həftə sonu Fələstin dövlətini rəsmən tanıyacaq.


Bildirilib ki, Böyük Britaniyanın Baş naziri Keyr Starmer ABŞ Prezidenti Donald Trampın səfərinin başa çatmasından sonra bununla bağlı açıqlama verəcək.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Böyük Britaniyanın Fələstini tanıması regionda Avropa maraqlarının həyata keçməsinə gətirib çıxarır:


“Fələstin dövlətini artıq bir neçə Avropa ölkəsi tanımaq barədə qərara gəlib. Bir qədər əvvəl Fransa prezidenti də belə bir bəyanatla çıxış edib. Hətta onun bir açıqlamasına görə, İsrailə səfəri də təxirə salınmışdı. Lüksemburq da bu fikirdədir ki, tanınmalıdır. Hazırda da Böyük Britaniya Fələstin dövlətini tanımaq ərəfəsindədir və tanıyacaq. Şübhəsiz ki, İsrailin törədiyi qanlı və ağır cinayətlər bəşəriyyət əleyhinədir və buna sonacan seyrçi qalmaq Avropanın öz qanunlarına, dəyərlərinə ziddir və mənəvi məsuliyyət yaradır. İsrailin Qəzzaya qarşı, ümumiyyətlə, Fələstin problemini dərinləşdirməklə bağlı atdığı bütün addımlar dünyada xaos yaradır və ümumi dünya nizamını pozur. Odur ki, BMT-nin qərarına uyğun olaraq ikili dövlət prinsipindən qaynaqlanan tələblər həyata keçirilib, Fələstin tanınmalıdır. Bu problemin qlobal katastrofa çevrilməsi dünya üçün həyəcan siqnalı verir. Böyük Britaniyanın Fələstini tanıması regionda Avropa maraqlarının həyata keçməsinə yol açır”.


Politoloq qeyd edib ki, Britaniyanın Fələstini tanıması bütün dünyanın tanımasına bərabərdir:


“Avropa görür ki, bu problemin artıq tam həllinin vaxtı çatıb. Bunun da yeganə yolu Fələstini dövlət kimi tanımaqdır. Digər Avropa ölkələri də tanıyacaq və ciddi şəkildə Fələstinə dəstək verəcəklər. Bununla bağlı ABŞ ilə Avropa Birliyi arasında rəy fərqliliyi, mövqe müxtəlifliyi yaranacaq, amma son məqamda ABŞ geri çəkilməyə məcbur olacaq. Fələstin dövləti ilin sonuna kimi önəmli dövlətlər tərəfindən tanınacaq. Çünki İsrail Avropa İttifaqı ölkələrinin Fələstinlə bağlı çağırışlarına əhəmiyyət vermədi. Artıq Türkiyə ilə də münasibətləri az qala müharibə həddinə çatıb. Netanyahu hakimiyyəti İsrail barədə dünyada çox mənfi imic formalaşdırıb. İsrail gücünü soyqırımı və sürgünlə sübut etmək istəyir. Ancaq əslində bununla problemi həll etməyə qadir olmadığını etiraf etmiş və zəifliyini sübut etmiş olur. İsrail hazırda məlum problemi daha da dərinləşdirir, qloballaşdırır və beynəlxalq böhran vəziyyətinə gətirir. Şübhəsiz ki, bu da Britaniya kimi digərlərini də ciddi narahat edir. Britaniya dünyada böyük nüfuzu olan Avropa dövlətidir. Onun Fələstini tanıması bütün dünyanın tanıması deməkdir”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər