Britaniya Fələstini rəsmi olaraq tanıyır
Bu barədə Böyük Britaniya baş naziri Kir Starmer məlumat verib. Bu hadisə bazar günü 21 sentyabrda baş tutacaq.
Məsələ ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a mühasibəsində bildirib ki, Fələstinin tanınması İsrailin məruz qaldığı təzyiqin artmasına və geri addımına səbəb ola bilər:
“Böyük Britaniya Fransa, Avstraliya və Kanada Fələstini tanıyacağını elan edib. Məsələ burasındadır ki, qərar Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası ərəfəsinə təsadüf edir. ABŞ admnistrasiyası isə Avropa ölkələrinin bu addımından narahatdır. Birləşmiş Ştatlarda bu qərarın gərginliyi daha da artıracağını düşünürlər. Amma nəzərə almaq lazımdır ki, Qəzzada baş verənlər ABŞ-nin regionda nüfuzuna mənfi təsir edir. İsrailin 6-sı ərəb olmaqla, 7 region ölkəsini bombalaması Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə güvənən digər dövlətləri də narahat edir. İndi Ərəb ölkələri təhlükəsizliklərini təmin etmək üçün Türkiyə və Pakistanın da imkanlarından yararlanmağa çalışır. Bu isə ABŞ-nin kənarda qaldığı yeni müdafiə ittifaqlarının yaranması deməkdir. Ona görə də Vaşinqtonun Böyük Britaniya və digər dövlətlərin qərarına qarşı ciddi müqavimət göstərəcəyini düşünmürəm. Çünki Tramp hər zaman öncə ABŞ-nin maraqlarını düşündüyünü bəyan edir. İsrailin baş naziri Benyamin Netanyahu isə Avropanın siyasi ehtiyacları üzündən Fələstin dövlətini qəbul edərək “intihar etməyəcəklərini” bildirib. Yəni Netanyahu bütün dünyanı qarşısına almaq bahasına da olsa başlatdığı işi bitirməkdə qərarlıdır. Amma Qəzzada işğal siyasətini davam etdirmək Netanyahu hökumətinin özü üçün “intihar” olar. Bütün hallarda Fələstin dövlətinin tanınması və İsrailə qarşı beynəlxalq təzyiqin artırılması fonunda Netanyahu geri addım ata bilər”.
Banuçiçək Qurbanova