Britaniya və ABŞ 380 milyard dollarlıq birgə investisiyalar haqqında razılığa gəliblər
Böyük Britaniya və ABŞ bir-birlərinin iqtisadiyyatlarına təxminən 280 milyard funt-sterlinq (380 milyard dollar) sərmayə yatırmaq barədə razılığa gəliblər.
ABŞ prezidenti Donald Trampın dövlət səfəri zamanı əldə olunan razılaşmalar çərçivəsində Amerika şirkətləri Britaniya iqtisadiyyatına 150 milyard funt-sterlinq sərmayə qoyacaq.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a bildirib ki, Britaniya və ABŞ-nin qarşılıqlı olaraq sərmayə qoyuluşu üçün 380 milyard dollarlıq məbləğ ayırmaları olduqca böyük əhəmiyyət daşıyır:
"Bu onu göstərir ki, iki dövlətin iqtisadi, ticari inteqrasiyası ən yüksək həddə çata bilər. Ona görə də ehtimal etmək olar ki, ABŞ və Böyük Britaniyanın yaxın gələcəkdə qlobal məkanda fəaliyyəti də böyük ölçüdə ortaq xarakter daşıyacaq. Çünki belə böyük məbləğdə sərmayə anlaşması əldə etmiş iki dövlətin qlobal proseslərdə də vahid mövqedən çıxış etməsi qaçılmaz xarakter daşıyır. Çünki maraqları üst-üstə düşür. Ümumiyyətlə, Böyük Britaniya ABŞ-nin dünyadakı ən yaxın müttəfiqi sayılır və bu müttəfiqlik statusuna görə Britaniya ABŞ üçün İsraildən sonrakı yerdə qərarlaşır. Ona görə də Böyük Britaniya ABŞ üçün olduqca böyük əhəmiyyət daşıyan strateji bir dövlətdir. ABŞ-nin Britaniyaya yanaşma tərzi Avropa Birliyinə yanaşma tərzi ilə ciddi şəkildə fərqlənir. Britaniya ABŞ-nin müttəfiqidir, Avropa Birliyi isə ABŞ-nin iqtisadi-ticari rəqibidir. Avropa məkanında yerləşmələrindən asılı olmayaraq münasibət statusu tamamilə fərqli məzmun daşıyır. Bütün bunları nəzərə aldıqda hesab etmək olar ki, bundan sonra ABŞ və Böyük Britaniyanın qlobal məkanda geosiyasi proseslərdə mövqeyi böyük ölçüdə üst-üstə düşməkdə davam edəcək. Üstəlik, ortaq strateji hədəflərin müəyyənləşdirilməsi ehtimalı da tamamilə realdır. Böyük Britaniyanın dostları ABŞ üçün də yaxın dövlətlər sırasına daxil olacaq. Eyni zamanda, ABŞ-nin dostları da Böyük Britaniya üçün önəmli dövlətlər kimi qəbul olunacaq. Bütün bunlar qlobal məkanda təsir dairələrinin yenidən bölüşdürülməsi prosesində böyük əhəmiyyət daşıya bilər. Bu da məhz həmin prosesin ən önəmli faktorlarından biridir".
Fatimə Heydərova