00:00:00
Yazar
Zəhra Həsənova
21.07.2026 20:28 39 2 dəq oxuma
Siyasət

“Britaniyada hökumət dəyişikliyi Ukraynaya münasibəti dəyişməyəcək” - ŞƏRH

“Britaniyada hökumət dəyişikliyi Ukraynaya münasibəti dəyişməyəcək” - ŞƏRH

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə ilk telefon danışığını aparıb. Tərəflər Ukraynaya dəstəyin davam etdirilməsi və iki ölkə arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər. Zelenski yeni baş naziri vəzifəyə başlaması münasibətilə təbrik edib və Britaniyanın Ukraynaya dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Böyük Britaniyada baş nazirin dəyişməsi Ukrayna siyasətində mümkün dəyişikliklərlə bağlı müəyyən gözləntilər yaratsa da, yeni hökumətin ilk addımları bütün şübhələri aradan qaldırıb:

 

“Böyük Britaniyada yeni baş nazirin təyin olunması Ukrayna məsələsinə mümkün təsirlə bağlı müəyyən intizarlar yaradıb. Lakin yeni baş nazirin vəzifəyə başladıqdan dərhal sonra Almaniya kansleri Fridrix Merslə telefon danışığı aparması və Ukrayna məsələsində seçilən kursun qətiyyətlə davam etdirilməsi barədə razılığa gəlmələri bütün şübhələri aradan qaldırıb. İlk növbədə, Almaniya kansleri ilə telefon danışığı bir daha təsdiqləyib ki, Böyük Britaniyada baş nazir dəyişikliyi ölkənin Ukrayna siyasətinə təsir göstərməyəcək. Hazırda Britaniya əvvəlki mövqeyində qalır və Ukrayna məsələsində Rusiyaya qarşı daha güclü təzyiqlərin göstərilməsini dəstəkləyən qətiyyətli mövqe nümayiş etdirir. Eyni zamanda, yeni baş nazir ötən ilin may ayında Böyük Britaniya ilə Ukrayna arasında hərbi silah təminatı və müdafiə sənayesi sahəsində imzalanmış sazişin də qüvvədə qalacağını bəyan edib. Bütün bunlar deməyə əsas verir ki, Britaniyada hökumət dəyişikliyi baş versə də, ölkənin Ukraynaya münasibəti dəyişməyib. Bunu Avropanın aparıcı ölkələri də gözləyirdi. Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa və digər dövlətlər Böyük Britaniyada hökumət dəyişikliyinin Ukraynaya necə təsir göstərəcəyini diqqətlə izləyirdilər. Lakin yeni baş nazir bütün şübhələrə son qoydu. İndi gözləmək olar ki, o da Rusiyaya təzyiqlərin artırılması və Ukraynanın daha güclü dəstəklənməsi istiqamətində əvvəlki siyasəti davam etdirəcək. Britaniyanın bu mövqedə qalması Avropanın təhlükəsizlik sisteminin formalaşması istiqamətini daha da konkretləşdirir. Eyni zamanda, Avropanın ABŞ-siz Ukraynaya dəstək planlarının daha da gücləndirilməsini şərtləndirir. Çünki hazırkı mərhələdə ABŞ Ukraynanın dəstəklənməsi məsələsində daha çox gözləmə mövqeyinə meyillidir. Bu isə Avropa ölkələrini ABŞ-siz Ukraynaya daha güclü dəstək siyasətini fəallaşdırmağa sövq edir. Bu baxımdan, yeni baş nazirin sələfinin müəyyən etdiyi kursa sadiqliyi ümumilikdə Avropanın təhlükəsizlik siyasətinin və Ukraynaya dəstəyin daha da güclənəcəyindən xəbər verir”.

 

Fatimə Hüseynli

#dəyişməyəcək” #gündəm #xəbər #dəyişikliyi #hökumət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər