Britaniyanın müdafiə naziri Putinə müraciət edib
Böyük Britaniyanın müdafiə naziri Con Hili Rusiya prezidenti Vladimir Putini NATO-nun lazım olduğu müddət ərzində Ukraynanı dəstəkləyəcəyinə şübhə etməməyə çağırıb.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, əslində bu Rusiya ilə Ukrayna arasında deyil, NATO ilə Rusiya arasında gedən bir savaşdır:
"Rusiya-Ukrayna münaqişəsi ABŞ-nin strateji planıdır və bu plan NATO bloku vasitəsilə icra olunmaqdadır. Münaqişəni ABŞ ssenariləşdirmiş və uzunmüddətli bir fazada inkişaf etdirilməsini nəzərdə tutub. Əslində bu Rusiya ilə Ukrayna arasında deyil, NATO ilə Rusiya arasında gedən bir savaşdır. Ukrayna isə bu savaşın poliqonuna çevrilib. Ukrayna bu münaqişədə sadəcə bir alət rolunu oynayır. Artıq bir çox qərbli ekspertlər də açıq şəkildə etiraf edirlər ki, Ukrayna bu münaqişədə alət kimi istifadə olunur. Münaqişə başlamazdan əvvəl ABŞ, Böyük Britaniya və Polşa bu ssenarinin hazırlanmasında və həyata keçirilməsində əsas rolları bölüşüblər. Xüsusilə Böyük Britaniyanın o zamankı baş naziri Boris Consonun Kiyevə gələrək Zelenskini müharibəyə təşviq etməsi bu prosesin aktiv körüklənməsi kimi qiymətləndirilə bilər Artıq münaqişə elə bir mərhələyə çatıb ki, onun diplomatik yolla və tez bir zamanda həlli real görünmür. NATO-ya üzv dövlətlər bu prosesdə açıq şəkildə iştirak edirlər, həm maddi-texniki təminatla, həm silah-sursatla, həm də kəşfiyyat və informasiya müharibəsi vasitəsilə. Qərbin hərbi kontingentləri və kadrları da bu münaqişədə iştirak edir, xüsusilə də müasir silahların idarə olunmasında NATO-nun hərbi mütəxəssisləri faktiki olaraq prosesə cəlb olunublar".
Müsahib qeyd edir ki, ABŞ bu münaqişənin həllində maraqlı deyil:
"Əksinə, bu münaqişənin Qərblə Rusiya arasında uzunmüddətli fazaya keçməsində maraqlıdır. Çünki bu ABŞ-nin strateji planının bir hissəsidir. Münaqişə ABŞ vasitəsilə planlaşdırılmış və NATO bloku ilə icra olunan genişmiqyaslı geopolitik layihədir. Böyük Britaniyanın Müdafiə Nazirliyinin bu mövzuda verdiyi bəyanat isə sadəcə rəsmi açıqlamadır. Unutmaq olmaz ki, Britaniyada siyasi kursu Müdafiə Nazirliyi deyil, siyasi rəhbərlik müəyyən edir. Müdafiə Nazirliyi yalnız icraçı rolunu oynayır. Bu münaqişədə əsas icraçılar NATO bloku, xüsusilə Böyük Britaniya, Polşa və Qərbin aparıcı dövlətləridir. Hətta bəzi fikirlərə görə, NATO bu münaqişədə ikinci cəbhənin açılmasında da maraqlıdır. Bu istiqamətdə Gürcüstan üzərindən yeni hərbi gərginlik yaratmaq cəhdləri olsa da, nəticə verməyib. İndi diqqət Baltikyanı ölkələrə və Polşa istiqamətinə yönəlib. Məqsəd Rusiya üzərinə daha geniş miqyasda təzyiq göstərmək, onu hərbi və iqtisadi baxımdan ciddi itkilərə məruz qoymaqdır. Faktiki olaraq bu, NATO ilə Rusiya arasında gedən dolayısı müharibədir. Məsələnin de-yure, yəni rəsmi şəkildə NATO-Rusiya müharibəsinə çevrilməsi isə yalnız zaman məsələsidir. Əgər bu baş verərsə, bəşəriyyət daha böyük bir fəlakətlə üz-üzə qala bilər".
Eyni zamanda, müsahib bildirib ki, əgər de-yure şəkildə NATO bloku ilə Rusiya arasında genişmiqyaslı bir müharibə başlasa, bu halda Rusiya taktiki nüvə silahından istifadə edə bilər:
"Bu isə vəziyyəti olduqca təhlükəli və mürəkkəb mərhələyə keçirir. Qeyd etmək lazımdır ki, artıq dörd ilə yaxındır davam edən bu münaqişədə Rusiya hərbi baxımdan üstünlük nümayiş etdirir. Hazırda Rusiya Ukraynanın 20-25% ərazisinə nəzarət edir və bu nəzarət gündən-günə genişlənir. Siyasi baxımdan da Rusiya şərtləri diqtə edən tərəfdir. Münaqişənin dayandırılması üçün Rusiyanın irəli sürdüyü tələblər qəbul edilməlidir, lakin Qərb dairələri bu məsələdə acizlik göstərir. Münaqişənin uzanması NATO və ABŞ-nin maraqlarına uyğundur. Çünki bu savaş təkcə Rusiya ilə Ukrayna arasında deyil, NATO ilə Rusiya, eyni zamanda bütövlükdə Avropa ilə Rusiya arasında genişlənən qarşıdurmadır. Hazırda Qərbdə bəzi dairələr de-yure şəkildə NATO-Rusiya savaşının başlanmasını təşviq edir. Bu isə bəşəriyyət üçün ciddi təhlükələr yarada bilər. Digər tərəfdən, Ukraynaya maliyyə yardımı getdikcə azaldılır. Yardım məhdudlaşdıqca, Ukrayna silah və sursat baxımından çətinliklə üzləşir. Ukrayna prezidenti yaxın zamanda ABŞ-yə səfər etməyi və uzaqmənzilli "Tomahawk" raketlərinin əldə olunması ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Lakin bu raketlərin Ukraynaya kütləvi şəkildə verilməsi real görünmür. Ekspertlər hesab edir ki, maksimum 50 ədəd raket verilə bilər. Amma bu raketlərin verilməsi münaqişənin taleyini dəyişməyəcək, sadəcə döyüşlərin bir qədər uzanmasına səbəb ola bilər. Əgər bu raketlərlə Rusiya ərazilərinə ciddi zərbələr vurularsa, münaqişə daha da dərinləşəcək və ən böyük əziyyəti Ukrayna xalqı çəkəcək. Əgər zamanında "İstanbul" sazişi Ukraynanın vasitəçiliyi ilə qəbul edilsəydi, Ukrayna bu qədər itki verməzdi. Təəssüf ki, o dövrdə Böyük Britaniyanın təzyiqi ilə Ukrayna bu razılaşmadan imtina edib. Baş verən faciələrin qarşısı həmin mərhələdə alınmalı idi. Bu münaqişənin sona çatması üçün Rusiya ilə real və konstruktiv danışıqlar aparılmalı, onun müəyyən şərtləri nəzərə alınmalıdır. Əks təqdirdə, müharibənin uzanması yeni fəlakətlərə yol aça bilər".

Səmayə Səftərova