00:00:00
Yazar
Nərmin Həşimova
15.10.2026 17:30 34 2 dəq oxuma
Siyasət

Britaniyanın Ukraynaya Martlet raketləri verməsi Kiyev üçün strateji əhəmiyyət daşıyır

Britaniyanın Ukraynaya Martlet raketləri verməsi Kiyev üçün strateji əhəmiyyət daşıyır

Böyük Britaniyanın Ukraynaya Martlet raketləri və digər hərbi yardımlar ayırması Kiyevin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur. Bu dəstəyin Ukraynanın müdafiə imkanlarına və Avropa İttifaqının Kiyevə yardım siyasətinə təsiri də müzakirə edilir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, Martlet raketlərinin Ukraynaya verilməsi ölkənin müdafiə sistemində yaranan boşluqların aradan qaldırılması baxımından strateji əhəmiyyət daşıyır:


“Böyük Britaniyanın Ukraynaya Martlet raketlərini verməsi indiki situasiyada Kiyev üçün çox böyük əhəmiyyət daşıyır. Hətta deyərdim ki, bu, strateji əhəmiyyətə malik addımdır. Çünki Starlink xidmətinin imkanlarının məhdudlaşdırılmasından sonra Ukrayna Rusiyanın raket və dron hücumlarının qarşısının alınmasında ciddi problemlərlə üzləşib. Belə bir vəziyyətdə Martlet raketlərinin verilməsi Ukraynanın hava hücumundan müdafiə sistemində mövcud olan boşluqları aradan qaldırmağa kömək edə bilər. Martlet yüngül, çoxməqsədli raketlərdir və əsasən pilotsuz uçuş aparatlarına qarşı mübarizədə istifadə olunur. Rabitə imkanlarının məhdudlaşdırılması Ukraynanın həm müdafiə sistemində, həm də Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək istiqamətində imkanlarına təsir göstərib. Starlinkin sürətinin azaldılması Ukrayna üçün ciddi çətinliklər yaradıb. Bu, hava hücumundan müdafiə sistemində, Rusiyanın dərinliklərinə zərbələrin endirilməsində, eyni zamanda pilotsuz katerlərdən istifadə etməklə hücumların təşkilində problemlərə səbəb olub. Bu baxımdan Martlet raketləri Ukraynanın indiki şəraitdə üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün mühüm hərbi dəstək hesab oluna bilər”.


Siyasi şərhçi qeyd edib ki, Böyük Britaniyanın Ukraynaya dəstəyi yalnız raket tədarükü ilə məhdudlaşmır:


“Kiyevə ayrılan hərbi və maliyyə yardımının artırılması məsələsi də gündəmdədir. Bütün bunlar Ukraynanın indiki çətin vəziyyətdə ayaqda qalmasını təmin etmək və hərbi gücünü artırmaq məqsədi daşıyır. Bu amillər müharibənin yaxın müddətdə başa çatmayacağını göstərir. Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi hücumlar və Qərbdən aldığı hərbi dəstək onu deməyə əsas verir ki, müharibə qısa müddətdə Tramp administrasiyasının arzuladığı kimi sona çatmaya bilər. ABŞ-nin Ukraynaya münasibətdə atdığı addımlar Avropada da narahatlıq yaradıb. Böyük Britaniyanın Kiyevə dəstəyini davam etdirməsi Avropa İttifaqını daha fəal mövqe tutmağa təşviq edə bilər. Britaniyanın dəstəyi, Trampın qərarından sonra ruhdan düşmüş Avropanı da müəyyən qədər cəsarətləndirəcək. Avropa İttifaqı Ukraynaya aktiv hərbi və maliyyə dəstəyini artırmalı olacaq. Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istiqamətindəki addımları da Moskvanın enerji ixracına təsir göstərə bilər. Bu tədbirlər Rusiyanın enerji daşımalarına və kölgə donanmasının fəaliyyətinə təzyiqi artıra bilər”.


Güllüzar Nəbili

#martlet #daşıyır #azərbaycan #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər