00:00:00
Yazar
Admin User
10.11.2025 16:42 182 3 dəq oxuma
Siyasət

“Bu Avropa üçün yeni mərhələdir”

“Bu Avropa üçün yeni mərhələdir”

Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrelin müşaviri Stefan Şara bildirib ki, Aİ Rusiyaya qarşı sanksiya siyasətində yeni mərhələyə hazırlaşır. Onun sözlərinə görə, məqsəd iqtisadi təzyiqi gücləndirməklə yanaşı, mövcud sanksiyaların effektivliyini artırmaqdır.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar mərhələsinə keçidi uzun zamandır müzakirə edilən bir məsələ idi:

 

“Rusiya-Ukrayna müharibəsinin uzanması, həmçinin Qərbin iqtisadi və siyasi aləmdə birləşmiş mövqeyini qorumaq istəyi bu qərarı qaçılmaz edib. Avropa İttifaqı artıq başa düşür ki, əvvəlki sanksiya paketləri gözlənilən nəticəni tam verməyib. Rusiya iqtisadiyyatı müəyyən qədər uyğunlaşma mexanizmi tapıb, yeni bazarlar formalaşdırıb və ticarət marşrutlarını dəyişib. Buna görə indi məqsəd sadəcə iqtisadi təzyiqi artırmaq deyil, həm də Moskvanın bu çevik reaksiyalarını məhdudlaşdırmaqdır. Aİ yeni mərhələdə sanksiyaların texnoloji, maliyyə və enerji sahələrini daha dərin şəkildə əhatə etməyi planlaşdırır. Bu proses təkcə Rusiya ilə bağlı deyil, həm də Avropa Birliyinin beynəlxalq siyasətdəki mövqeyini yenidən təsbit etməsinə xidmət edir. Avropa İttifaqı uzun müddət ABŞ-nin təşəbbüslərinə uyğun davranıb, lakin indi daha müstəqil qərarlar qəbul etməyə çalışır. Bununla belə, ABŞ-lə koordinasiyalı hərəkət edəcək, çünki iki tərəfin məqsədi eynidir. Rusiya iqtisadiyyatını zəiflətmək və onu danışıqlar masasına gətirməkdir. Yeni mərhələdə ən böyük təzyiq enerji sektorunda olacaq. Çünki Rusiya hələ də qaz və neft ixracı vasitəsilə böyük gəlirlər əldə edir. ABŞ artıq Rosneft və Lukoil kimi şirkətlərin fəaliyyətini məhdudlaşdırıb. Avropa İttifaqı da bu istiqamətdə hərəkət edərsə, Moskvanın gəlir mənbələri ciddi şəkildə daralacaq. Bu isə Kremlin hərbi əməliyyatların maliyyələşdirilməsində çətinliklər yaradacaq. Avropa İttifaqı bu dəfə sanksiya siyasətini daha planlı şəkildə həyata keçirmək niyyətindədir. Əgər əvvəlki mərhələlərdə qərarlar daha çox reaksiya xarakterli idisə, indi hər bir sanksiya addımı müəyyən strateji məqsədlərə xidmət edəcək. Bu Avropa üçün yeni mərhələdir. Brüssel artıq sanksiyaları sadəcə cəza vasitəsi kimi yox, həm də siyasi yönləndirmə aləti kimi istifadə etməyə başlayır. Məqsəd Rusiyanın iqtisadi adaptasiya imkanlarını tamamilə aradan qaldırmaqdır. Bu proses eyni zamanda Avropa iqtisadiyyatına da müəyyən mənfi təsirlər göstərə bilər. Sanksiyalar enerji qiymətlərini artıracaq, sənaye sektorunda xammal çatışmazlığı yarada bilər. Amma Aİ rəhbərliyi bu riskləri qəbul edir. Onlar hesab edirlər ki, müharibənin uzanmasındansa, qısamüddətli iqtisadi çətinliklərə dözmək daha məqsədə uyğundur”.

 

Həmçinin şərhçi qeyd edib ki, Avropa İttifaqının bu addımı Qərb birliyinin həmrəyliyini nümayiş etdirəcək:


“ABŞ və Aİ bu sanksiyaları paralel şəkildə tətbiq edərsə, bu, Rusiyanın manevr imkanlarını minimuma endirəcək. Rusiya artıq Çin və Hindistanla iqtisadi əlaqələrini gücləndirsə də, Qərbin ümumi təzyiqi qarşısında bu bazarlar kifayət etmir. Nəticədə Moskva iqtisadi baxımdan daha çox təcrid olunacaq. Bu sanksiyalar təkcə iqtisadi deyil, həm də diplomatik təzyiq elementidir. Brüssel açıq mesaj verir ki, Rusiya sülh danışıqlarına qayıtmasa, təzyiqlər artacaq. Aİ-nin strategiyası artıq cavab vermək yox, yön vermək mərhələsinə keçir. Bu, həm Avropanın öz təhlükəsizlik konsepsiyasında dəyişiklik yaradır, həm də beynəlxalq sistemdə güc balansını yenidən formalaşdırır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər