Bu barədə danışmaq təhlükəlidir
Kremlin mətbuat katibi Dmitri Peskov CNN-ə müsahibəsində bildirib ki, Rusiya nüvə sınaqları ilə bağlı ritorika çərçivəsində açıqlamalar verməməyi üstün tutardı, çünki bu, həmişə təhlükə yaradır.
"Nüvə ritorikası həmişə təhlükəlidir. Bir tərəfdən nüvə silahları qarşılıqlı çəkindirmə baxımından sülhün qorunması üçün yaxşı vasitədir, digər tərəfdən isə bu barədə danışmaq belə təhlükəlidir. Və açığı, biz açıqlamalar verməməyi üstün tutardıq",- deyə o bildirib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya dünyanı nüvə silahı ilə hədələsə də, indi bu təhdidin özünə qarşı çevrildiyini anlayıb:
“Əslində Peskovun açıqlaması məntiqsiz və absurd bir açıqlamadır. Çünki indiyə qədər nüvə faktoru üzərindən bütün dünyanı təhdid edən tərəf məhz Rusiya idi. Çünki Ukrayna savaşının başlanmasından bir qədər sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev davamlı olaraq bütün dünyanı nüvə faktoru üzərindən təhdid edirdi. Son vaxtlara qədər də Kreml Medvedyevin dili ilə dünyaya qarşı nüvə zərbəsi təhlükəsi ilə bağlı xəbərdarlıq mesajları verirdi, hərkəsi hədələyirdi. İndi isə birdən-birə Peskov nədənsə bu nüvə faktoru ilə bağlı açıqlamaları bütün dünya üçün təhlükəli hesab edir. Çünki Rusiyanın nüvə təhdidlərinə artıq həm ABŞ-dən, həm də digər Qərb ölkələrindən açıq cavab reaksiyası gəlməyə başlayıb. ABŞ də nüvə faktorunu ön plana keçirib, nüvə sınaqlarını bərpa edir və eyni zamanda nüvə silahını, atom bombasını daşımaq qabiliyyətində olan bombardmançı təyyarələrin sayını artırmağa başlayıb. Bu isə indi Rusiyada ciddi narahatlıq doğurub. Ona görə də Peskov bu narahatlığı ifadə edir və nəhayət, Kremldə anlamağa başlayıblar ki, nüvə faktoru ilə bütün dünyanı təhdid etmək həm dünyaya, həm də Rusiyanın özünə ciddi təhlükədir. Ən əsası isə Rusiyada çox gözəl anlayırlar ki, əgər nə vaxtsa nüvə savaşı baş versə, dünya xəritəsindən yoxa çıxacaq ilk dövlət məhz Rusiya ola bilər. Çünki Rusiyaya nüvə zərbəsi endirəcək dövlətlərin sırası kifayət qədər genişdir. Yəni Rusiya özünün törətdiyi situasiyanın girovuna çevrilməyə başlayıb və hazırda bunun təhlükəli olduğunu da nəhayət ki, anlamağa başlayıblar. Hesab eləmək olar ki, bundan sonra Rusiya dünyanı nüvə faktoru ilə təhdid etməsə, o zaman ABŞ və Qərb də nüvə faktoru mövzusunu gündəmə gətirməyə həvəs göstərməzlər. Sadəcə Prezident Trampın da bir neçə dəfə təkrarladığını nəzərə alsaq, düşünmək olar ki, Qərbdə hesab ediblər ki, Rusiyanın nüvə təhdidlərinə eyni məzmunda reaksiya verilməsə, bu, Rusiyanın bütün qırmızı cizgiləri aşmasına səbəb ola bilər. Ona görə də Rusiyaya yerini göstəriblər. İndi Rusiyada anlayırlar ki, bu, çox ciddi bir məsələdir. Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanın bütün dünyanı təhdid mexanizmi olan sonuncu alətini də, yəni nüvə faktorunu da onun əlindən artıq almış olub. Bundan sonra Rusiyanın dünyanı təhdid etməsi elə ciddi əhəmiyyət daşımaya bilər”.
.jpg)
Lalə Qurbanlı
