00:00:00
Yazar
Admin User
02.12.2025 06:20 101 2 dəq oxuma
Yoxdur

"Bu binaların sökülməsi labüddür"

"Bu binaların sökülməsi labüddür"

Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işlərinin yekunlaşmasından sonra daha bir böyük ərazidə söküntü prosesinə başlanılacaq. Layihənin növbəti mərhələsi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən, istismar müddətini başa vurmuş yaşayış evlərini əhatə edir.

 

Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri tamamlanıb və sakinlərə kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub. Bəzi vətəndaşlar təklif olunan məbləği aşağı qiymətləndirsə də, ekspertlər bu tip layihələrin həm təhlükəsizlik, həm də şəhərsalma baxımından mühüm olduğunu bildirirlər.

 

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov söküntünün zəruriliyini belə əsaslandırır:

 

“Bu kimi evlərdə uzunmüddətli yaşamaq təhlükəlidir. Çünki onların istismar müddəti bitib, normativlərə cavab vermir, konstruksiyası zəifdir. Zəlzələ və ya hər hansı təbii təsir zamanı qəfil uçma ehtimalı yüksəkdir. Ona görə də təhlükəsizlik baxımından söküntü vacibdir.”

 

Sakinlərin əsas şikayətləri kvadratmetr üçün 2700 manatın həmin ərazidə yeni mənzil almağa imkan verməməsi ilə bağlıdır.

 

 Ekspertin sözlərinə görə, sökülən binaların real bazar dəyəri ilə yeni tikililərin qiymətini müqayisə etmək doğru deyil:

 

 

“Mövcud evlərin aşınma dərəcəsi ən azı 50–60%-dir. Elə binalar var ki, aşınma 90%-i keçir. Buna görə də kompensasiyanın 2700 manat müəyyən olunması məqsədə uyğundur. Əgər hansısa sakin son illərdə evini yüksək səviyyədə əsaslı təmir edibsə, ara divarları söküb konstruksiyanı gücləndiribsə və böyük investisiya yatırıbsa, həmin şəxslərə fərdi yanaşma tətbiq olunmalıdır.”

 

 

Elnur Azadov əlavə edir ki, bu cür layihələr daşınmaz əmlak bazarında böyük dövriyyə yaradır:

 

 “Kompensasiya alan şəxslər fərdi ev və ya mənzil alır. Bu isə bazarı canlandırır, aktivliyi artırır. Böyük məbləğdə vəsait dövriyyəyə çıxır".

 

 

Təhlükəsizlik, şəhərsalma və aşınma səviyyəsi nəzərə alınarsa, söküntü prosesi labüddür və verilən kompensasiya mövcud şəraitə uyğun müəyyən olunub. Lakin yüksək investisiya qoyan sakinlər üçün fərdi yanaşma zəruri sayılır.

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər