“Bu bəyanat bölgədə gərginliyi bir qədər artıra bilər”
İsrail Suriyanın cənubunda yerləşən bufer zonadan çıxmağı planlaşdırmır.
Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, bu bəyanat bölgədə gərginliyi bir qədər artıra bilər:
“Rəsmi Tel-Əvivin geri çəkilməməsi Suriya hakimiyyətini, eləcə də İrana bağlı qrupları daha sərt ritorikaya yönəldə bilər. Bu, xüsusilə Qolan təpələri ətrafında qarşıdurma riskini artıra bilər. Bu qərar Yaxın Şərqin təhlükəsizlik balansına da təsirsiz ötüşməyəcək. İsrailin bölgədə qalması onun-sərhədlərini uzaqdan müdafiə etmək strategiyasının davamı kimi görünür. Bundan əlavə, Suriyanın cənubunda sabit strukturun olmaması fonunda İsrailin mövcudluğu regionda rəqabəti də gücləndirir. ABŞ bu bölgədə gərginliyin artmasında maraqlı deyil və ehtimal ki, vəziyyətin nəzarətdən çıxmaması üçün diplomatik balans yaratmağa çalışacaq. Bununla belə, həm ABŞ, həm də Rusiya üçün prioritet hazırda bölgədə açıq toqquşmanın olmaması və belə bir halın qarşısını almaqdır, bu səbəbdən məsələnin məhdud siyasi təzyiq və diplomatik mesajlarla idarə olunacağını düşünürəm”.
Aytac İbrahimova
