00:00:00
Yazar
Admin User
28.12.2025 11:47 83 3 dəq oxuma
Siyasət

“Bu dəhliz heç bir dövlətə qarşı yönəlməyib”

“Bu dəhliz heç bir dövlətə qarşı yönəlməyib”

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistandan Azərbaycan və Türkiyəyə dəmir yolunun yenidən qurulması layihəsinin əhəmiyyətindən danışıb.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Rəhimzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşü və imzalanmış sənədlər regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir:

 

“Bu görüşdə qəbul edilmiş Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış tarixi addımdır. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi-“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun, yəni Zəngəzur dəhlizinin həyata keçiriləcəyi təsbit olunub. Bu dəhliz heç bir dövlətə qarşı yönəlməyib. Əksinə bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. Azərbaycanın tarixi Zəfəri Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regionda sülhün qurulması üçün yeni əsaslar yaradıb. Regionda kommunikasiyaların açılması da Azərbaycanın yaratdığı yeni reallıqlar əsasında baş verəcək. Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşdirəcək və regiondakı nəqliyyat bağlantılarının əhəmiyyətli halqası olacaq bu dəhliz ABŞ-nin regionun iqtisadi inkişafına verdiyi əhəmiyyəti və özünün buradakı iqtisadi maraqlarını göstərir. Azərbaycan-Türkiyə-Ermənistan dəmir yolunun açılması region üçün həm iqtisadi, həm də geosiyasi cəhətdən strateji əhəmiyyət daşıyır. Bu layihə “Orta Dəhliz” ilə Asiya və Avropanı birləşdirən mühüm bir hissə olmaqla yanaşı ticarəti artıracaq, regional sülh və sabitlik üçün yeni bir platforma yaradacaq”.

 

Həmçinin deputat qeyd edib ki, artıq ABŞ nümayəndələri TRİPP layihəsi ilə bağlı Ermənistanla danışıqları intensivləşdiriblər:

 

“Ümumiyyətlə, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan ilə əlaqəsinin yaradılması hələ 2020-ci ildə imzalanan üştərəfli Bəyanatda da yer alıb. Azərbaycan həmin vaxtdan öz ərazisində işlərə başlayıb və o işlər artıq demək olar başa çatmaq üzrədir. Ermənistan tərəfinın gələn ilin əvvəlində bu istiqamətdə müvafiq işlər həyata keçirməyi başlayacağı gözlənilir. Bəzi dövlətlərin TRİPP layihəsinin regional risklər yaradacağı ilə bağlı fikirlər səsləndirməsi doğru yanaşma deyil. Azərbaycan TRİPP layihəsində region üçün hər hansı təhlükə və risk görmür. Əksinə bu layihə regional inteqrasiyanı daha da gücləndirəcək. Digər tərəfdən bu layihə sırf Ermənistan ərazisini əhatə edir. Həmin layihəni ABŞ və Ermənistan həyata keçirir. Ona görə də bununla bağlı sualları ilk növbədə Ermənistan və ABŞ tərəfi cavablandırmalıdır. Bugünlərdə Ermənistan baş naziri Nikol Paşinyan Ermənistandan Azərbaycan və Türkiyəyə dəmir yolunun yenidən qurulması layihəsinin əhəmiyyətindən danışarkən məsələni Rusiya ilə də müzakirə etdiklərini bildirib. Paşinyan hansısa bir maneə və ya sual yaranarsa dəmir yolunun bərpa prosesini dövlət büdcəsi vəsaiti ilə həyata keçirə biləcəklərini qeyd edib. Bu isə o deməkdir ki, Ermənistan dəmir yollarını idarə edən Rusiya tərəfinin Azərbaycan və Türkiyə ilə sərhəddə yerləşən dəmir yolu sahələrinin bərpası prosesinə hər hansı problem yaratmasına imkan verilməyəcək”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər