“Bu gün Rusiyanın daxilində təhlükəsiz ərazi yoxdur”
Rusiya hava hücumundan müdafiə qüvvələri 10 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. PUA-lardan 7-si Voronej vilayəti, 3-ü isə Belqorod vilayəti üzərində məhv edilib.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna PUA-sının vurulması qarşılanan hadisədir:
"Çünki intensiv müharibə gedir, hər iki tərəf bir-birinə PUA-lar, raketlər ilə, ümumiyyətlə, hava vasitələri ilə hücumunlar edir. Ukrayna da getdikcə güclənir, faktiki olaraq biz hər gün Ukraynanın, Rusiyanın, hətta uzaq vilayətlərində belə hava hücumları həyata keçirdiyi haqqında xəbərlər eşidirik. Təbiidir ki, hədəfə yönələn PUA-ların hamısı hədəfə çatmır, bu və ya digər şəkildə məhv edilir. Amma hədəfə çatanlar da az deyil. Yəni bu baxımdan Voronej, Belqorod vilayətlərinə edilən PUA hücumu və hücumun qarşısının alınması üçün göstərilən cəhdlər də qeyri-adi heç nə görmürük. Rusiyanın daxili hava sahəsinə PUA və bənzər texniki vasitələr ilə hücumların artması Rusiyanı iflic vəziyyətinə salıb. Faktiki olaraq, bu gün Rusiya daxilində təhlükəsiz ərazi yoxdur, hətta ən Uzaq Şərqdə yerləşən məntəqələr də belə hücumların gözlənilməsi adi hala çevrilib, çünki Ukrayna elə bir sistem qurub ki, bu sistem sadəcə olaraq Ukrayna ərazisindən deyil, Rusiya ərazisinin içərisindən də hücumlar təşkil edə bilir. Ona görə də Rusiyada heç bir bölgə təhlükəsiz deyil. Ukraynanın bu hücumları da daxili təhlükəsiz məsələsini diqqət mərkəzinə çəkir. İstər-istəməz adi hücum olduqda dinc sakinlər, əhali, bütövlükdə ərazidə işləyənlər hər kəs narahat olur. Ukraynanın hücumlarının artması Rusiyanın daxili siyasətinə təsirini göstərir. Artıq bu təsirlər hiss edilməkdədir. Sadəcə olaraq, Rusiya, Çin də senzura tətbiq edildiyinə görə insanlar açıq şəkildə fikirlərini cəmiyyətə, dünya ictimaiyyətinə çatdıra bilmirlər. Yəni biz bildiklərimiz, eşitdiylərimiz, gördüklərimiz Rusiyada baş verənlərin mində biri deyil. Əslində real vəziyyət bildiyimizdən qat-qat gərgindir. Rusiya hakimiyyətinə qarşı narazılıqlar hər keçən gün artmaqdadır".
Günel Əlili
