Bu ölkə Ukrayna üçün 11-ci yardım paketini təsdiqləyib
İtaliyanın Baş naziri Ciorciya Meloninin kabineti Ukraynaya 2026-cı il üçün 11-ci hərbi yardım paketini təsdiqləyib, bu barədə “Röyters” məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Corciya Meloninin bu qərarına İtaliya-Rusiya münasibətləri prizmasından deyil, daha çox İtaliya-ABŞ münasibətləri prizmasından baxmaq lazımdır:
"İtaliya NATO-nun və Avropa Birliyinin üzvüdür, eyni zamanda Ukrayna məsələsində öz siyasətini əsasən ABŞ ilə əlaqələndirməyə çalışan ölkə kimi çıxış edir. Burada Corciya Meloninin ABŞ prezidenti Tramp ilə şəxsi münasibətləri də xüsusi əhəmiyyət daşıyır. Fakt ondan ibarətdir ki, Corciya Meloni bir sıra Avropa ölkələrinin rəhbərlərindən fərqli olaraq Tramp ilə daha yaxşı münasibətlər qurmağa meyllidir. Məhz buna görə də, o, Ukrayna məsələsində siyasətini əsasən ABŞ ilə koordinasiya etməyə çalışır. Bu baxımdan Meloninin son qərarını da daha çox Amerikanın Rusiya ilə münasibətlərinə uyğunlaşma cəhdi kimi qiymətləndirmək olar".
Müsahib həmçinin bildirib ki, İtaliyanın indiyə qədər Ukrayna ilə bağlı siyasəti nisbətən daha sərt və radikal xarakter daşıyırdı:
"Bu gün verilən qərar əvvəlki yanaşmalarla müqayisədə daha yumşaq xəttin seçildiyini göstərir. Bu isə ABŞ-nin Ukrayna məsələsində son dövrdə ortaya qoyduğu mövqe ilə birbaşa bağlıdır. Münasibətlərin gələcəkdə necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Bununla belə, İtaliyanın Ukrayna məsələsində yanaşmasının əsasən ABŞ ilə koordinasiya edildiyini nəzərə almaq lazımdır. İtaliyanın bundan sonrakı siyasətinin necə formalaşacağı isə böyük ölçüdə Trampın tutacağı mövqedən asılı olacaq. Baş verən proseslər göstərir ki, Corciya Meloni Ukrayna məsələsinə yanaşmasını daha çox Tramp ilə məsləhətləşmələr və koordinasiya əsasında müəyyənləşdirir. Hərçənd İtaliya Avropa Birliyinin və NATO-nun üzvüdür, bu məsələdə daha çox Tramp ilə koordinasiyaya üstünlük verir. Bununla yanaşı, İtaliyanın Ukrayna məsələsində tutduğu mövqe kifayət qədər önəmlidir və bu gün qəbul edilən qərarın mahiyyəti İtaliya siyasətində müəyyən dəyişikliklərin baş verdiyini deməyə əsas yaradır. Lakin bu dəyişikliyin nə qədər davam edəcəyi və hansı istiqamətdə inkişaf edəcəyi gələcək proseslərdən asılı olacaq".
Qəmər Kazımzadə
