Bu ölkələrin Fələstini tanıması…
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib ki, Bəzi ölkələrin, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvlərinin Fələstini tanıması son dərəcə mühüm və tarixi qərardır.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Fələstinin dövlət müstəqilliyini tanıyan dövlətlərin siyahısı genişlənməyə davam edir:
“Təbii ki, son vaxtlar İsrailin aqressiv davranışları qlobal məkanda situasiyanı birmənalı şəkildə İsrailin əleyhinə dəyişməyə başlayıb. Amerika Birləşmiş Ştatları və İsrailin ortaq şəkildə Yaxın Şərqin yenidən dizayn olunmasına cəhd göstərməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət olunur. İsrailin amansız hərbi əməliyyatları Qəzza bölgəsində, o cümlədən region dövlətlərində ciddi dağıntılara və insan tələfatına səbəb olur. Bu baxımdan İsrailin davranışları qlobal məkanda da ciddi etirazlara səbəb olur. Hazırda, BMT-nin Baş Assambleyasında bir çox dövlətlər Fələstinin dövlət müstəqilliyini artıq tanıyıblar və bu sıraya daxil olan dövlətlərin siyahısı genişlənməkdə davam edir. İsrailə qarşı qlobal etirazlar güclənir. Xüsusilə də İspaniya İsrail ilə hərbi ticarət sazişlərini ləğv edir. Avropa Birliyi İsrailə qarşı sanksiyaların tətbiqi barədə məsələni müzakirəyə çıxarıb. Yəni son vaxtlar İsrailə qarşı beynəlxalq təzyiqlər güclənməkdədir. Bu baxımdan da hesab etmək olar ki, hazırda baş verən hadisələr İsrailə qarşı beynəlxalq narazılığın güclənməsi ilə müşayiət olunur. Büyük ehtimalla İsrail Amerika Birləşmiş Ştatlarının dəstəyinə güvənərək beynəlxalq narazılıqlara əhəmiyyət verməməyə çalışacaq. Ancaq bununla belə, Amerika Birləşmiş Ştatları da qlobal məkanda İsrailə qarşı etirazın güclənməsindən ciddi şəkildə narahatdır. Ağ Evdə də anlayırlar ki, Yaxın Şərqdə mövcud olan situasiya uzun müddət davam edə bilməz. Bunun olduqca mənfi nəticələri baş verə bilər və belə anlaşılır ki, hazırda Yaxın Şərqdə, hətta bütün dünya üçün təhlükə törədə biləcək bir situasiya yaranıb və bu situasiyanın istənilən halda nizamlanması “nəhəng dövlətlər” arasında kəskin ziddiyyətlərin, qarşıdurmanın yaranmaması üçün olduqca vacibdir”.

Lalə Qurbanlı
