“Bu proses Cənubi Qafqazda sabitliyin bərqərar olmasına təkan verəcək”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Ermənistan Baş naziri Nikol Paşinyanın türklərlə münasibətlərin normallaşması barədə açıqlamasına reaksiya verib.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyanın bu mövqeyi Ermənistan daxilində, xüsusilə müxalif dairələr tərəfindən ciddi təzyiqlə qarşılanacaq:
“Paşinyan hökumətinin Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addım atması Ermənistanın daxilində müxtəlif qüvvələr tərəfindən mənfi qarşılanır. Çünki ölkə daxilində hələ də Türkiyəyə qarşı köhnə stereotiplər qalır. Lakin Paşinyan anlayır ki, regionda yeni reallıqlar formalaşıb və bu prosesdən kənarda qalmaq Ermənistan üçün təhlükəlidir. O bu addımla həm siyasi, həm iqtisadi baxımdan ölkəsini blokadadan çıxarmağa çalışır. Rusiya bu məsələdə öz təsir imkanlarını qorumaq istəyir. Zaxarovanın reaksiyası göstərir ki, Moskva İrəvanın bu istiqamətdə addımlarını diqqətlə izləyir. Rusiya üçün vacib olan odur ki, Ermənistan tam şəkildə Qərbə meyil etməsin. Amma artıq Kreml də anlayır ki, hazırkı Ermənistan əvvəlki dövrlərin siyasətini yürütmür, bu hökumət Qərbə inteqrasiya xəttini seçib. Buna görə də tərəflər arasında müəyyən ritorik gərginlik yaransa da, bu münasibətlərin tam pozulması ilə nəticələnməyəcək. Paşinyanın son açıqlamaları onun “Dördüncü Respublika” konsepsiyası ilə də üst-üstə düşür. Paşinyanın məqsədi Ermənistanın qonşularla, o cümlədən Türkiyə və Azərbaycanla düşmənçilik siyasətindən uzaqlaşmaqdır. Bu konsepsiyada regionda sülhün bərqərar olması, sərhədlərin açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biridir. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına nail olarsa, bu həm iqtisadi, həm də siyasi baxımdan yeni bir mərhələnin başlanğıcı olacaq. Bu proses Cənubi Qafqazda sabitliyin bərqərar olmasına təkan verəcək. Bu istiqamətdə atılacaq addımlar, həmçinin Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasından sonra daha da sürətlənə bilər. Hazırda Zəngəzur dəhlizi və kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlar gedir. Bu proses başa çatdıqdan sonra regionda yeni reallıqlar formalaşacaq. Ermənistan üçün bu, həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin yeni mərhələyə keçidi demək olacaq. Beləliklə, Paşinyanın açıqlamaları həm də bu gələcək mərhələyə hazırlıq xarakteri daşıyır.Əgər bu proseslər praktik mərhələyə keçərsə, Cənubi Qafqazda uzun illərdir davam edən gərginlik azala bilər.Əgər Ermənistan real addımlar atsa və Türkiyə ilə diplomatik münasibətlərin bərpası istiqamətində konkret razılaşmalar əldə olunsa, bu, regionun siyasi arxitekturasını dəyişə bilər. Rusiya bu vəziyyətdə öz mövqelərini qorumağa çalışacaq, lakin prosesin dinamikası artıq Qərb və regional aktorların təsiri altında formalaşır. Ermənistan üçün bu, həm təhlükə, həm də yeni fürsətlər mərhələsidir”.
Ayşə Müzəfərli
