Bu saziş regionda sülhün təməl daşıdır
Gürcüstan sülh və regional əməkdaşlığı təşviq etməkdə qətiyyətlə davam edir və beynəlxalq hüququn tətbiqi, suverenliyin qorunması, Cənubi Qafqazda və ATƏT regionunda uzunmüddətli sülhün təmin edilməsi üçün bütün tərəfdaşlarla işləməyə hazırdır.
"İnformator.az" xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında avqustun 8-də Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühim təməl daşıdır və regionda uzunmüddətli sabitlik, inkişaf üçün yeni imkanlar açır.
Nazir ABŞ Prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda əldə edilmiş “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi alqışlayıb.
Maka Boçorişvili çıxışında Gürcüstanın ATƏT-in prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib.