00:00:00
Yazar
Admin User
10.11.2025 17:00 99 3 dəq oxuma
Siyasət

“Bu vəziyyət Türkiyə və İsrail münasibətlərinə mənfi təsir göstərəcək“

“Bu vəziyyət Türkiyə və İsrail münasibətlərinə mənfi təsir göstərəcək“

İsrail Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələrində Türkiyə hərbçilərinin iştirakına qarşı çıxıb. Ölkə rəsmisi deyib ki, Qəzzada yerləşdiriləcək beynəlxalq qüvvələrin tərkibində Türkiyə ordusunun iştirakı nəzərdə tutulmur.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin Qəzzada Türkiyə hərbçilərinin iştirakına qarşı çıxmasının səbəbi odur ki, İsrail hesablayır ki, Yaxın Şərqdə onun maraqlarına təhlükə törədə biləcək və onun həyata keçirmək istədiyi Böyük İsrail proyektinin layihəsinin həyata keçməsinə təhlükə yarada biləcək iki real parket gücü var:

 

"Biri İran, biri Türkiyədir. İranın bölgəyə əsgər yeritmək kimi bir məsələ söz mövzusu olmadığı üçün burda İsrail tərəfi indi Qəzzaya göndərilməsi planlanan türk əsgərlərinə qarşı mövqeyini ifadə edib. Burada birinci və əsas səbəb odur ki, İsrail bilirki, Türkiyə əgər oraya hərbiçi göndərərsə, artıq İsrail öz maraqlarına uyğun hərəkət edə bilməyəcək. Yəni bura qədər İsrail fərqli addımlar atıb, planlar qurub, hadisələrə medianın dəstəyi və ya qoyduqları planlarla fərqli istiqamət verib, amma əgər orda artıq Türkiyə olarsa, İsrail bu şəkildə bu qədər rahat davrana bilməyəcək. Və əgər etnik fələstinlilərin yaşadığı digər ərazilərdə yerləşmək fikirlərini reallaşdırmağa çalışsalar, onda bölnükdə olan türk əsgəri burda əsas maneə olacaq. Çünki Türkiyə öz xarici maraqlarında digər ərəb dövlətləri kimi Qərbdən, Amerikadan gələn sifarişlərə də boyun əyməyəcək və neqativ halların qarşısı almaqla məşğul olacaq. Bu da indiki zamanda İsrailin maraqlarına uyğun deyil. Digər səbəb isə odur ki, Türkiyənin bölgəyə nüfuzu arta bilər. Bu da bölgədəki müqavimət hərəkatını gücləndirə bilər, yəni etnik fələstinlilər, müsəlman xalqlar, döyüşçülər artıq Türkiyənin orda olmasını yeni bir ruh yüksəkliyi, yeni üstünlük kimi dəyərləndirə bilərlər. Bu da mübarizə meydanında onların müqavimətinin daha da şiddətlənməsinə səbəb ola bilər ki, bu İsrailin işini çətinə salacaq ikinci bir haldır”.

 

Həmçinin şərhçi qeyd edib ki, beynəlxalq ictimaiyyət İsrailin addımlarına həmişə mövqe bildirir:


“Yəni beynəlxalq ictimaiyyət özü də iki yerə parçalanıb: İsraili dəstəkləyənlər və Fələstinliləri dəstəkləyənlər. İsraili dəstəkləyənləri deyiriksə, o halda onlar yenə də hər zaman İsrailin addımlarına haqq qazandırmağa çalışacaqlar. Qarşı tərəfi deyiriksə, onlar da yenə də hər zaman İsrailin bu addımının da arxa planını enib neqativləri tənqid etməklə məşğul olacaqlar. Amma ümumiyyətlə beynəlxalq sistemin işləkliyi artıq sual altına düşdüyü üçün indi beynəlxalq ictimaiyyətin nə deməsinin İsrail üçün o qədər fərqi olmayacaq. Amma bölgədə yaşananlara qarşı real qarşı güc tətbiq olunarsa, İsrail qarşı o halda artıq İsrail özü də beynəlxalq ictimaiyyətinin fikirlərini önəmsəməyə başlayacaq".

 

Son olaraq şərhçi qeyd edib ki, bu vəziyyət Türkiyə və İsrail münasibətlərinə mənfi təsir göstərəcək:

 

"Onsuzda bu ikili arasındakı münasibətlər həmişə mənfi xətlər üzərindən davam edib amma biz paralel də görürük ki, bir çox sahələrdə İsrail və Türkiyənin biznes maraqları, iqtisadi maraqları da davam etməkdədir. Ümumiyyətlə, bu gün siyasi hərbi maraqları üst-üstə düşməyən dövlətlər bu sahələrdə, yəni hərbi-siyasi sahələrdə qarşıdurmalar yaşasalar da, bir-birinə zidd addımlar atsalar da, əgər ortaq iqtisadi maraqlar varsa dövlətlər bu sahələrdə də əməkdaşlıqlarını davam etdirirlər. İndi Türkiyə və İsrail münasibətləri də aşağı yuxarı təxminən bu səpkidə davam edəcək. Hərbi-siyasi qarşıdurma riski artacaq,amma bunun paralelində dövlətlərin maraqlarının üst-üstə düşdüyü iqtisadi, tranzit məsələlərində öz işləkliyinə davam edəcək. Bu İsrail və Türkiyə dövlətləri arasında birbaşa qarşıdurma yaranana qədər davam edəcək. Bu da hələ ki, mümkün görünmür".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər