Budapeşt görüşünün ləğvi: “Dünyaya heç də xoş siqnal deyil”
ABŞ və Rusiya arasında planlaşdırılan Budapeşt görüşünün ləğvi beynəlxalq siyasətdə ciddi rezonans doğurub. "Financial Times"ın məlumatına görə, görüşün ləğvinə səbəb Moskvanın Ukrayna ilə bağlı sərt tələbləri olub. Vaşinqton isə bu şərtləri qəbul etməyərək sammiti təxirə salıb. Bu qərar, həm ABŞ-Rusiya münasibətlərinin gələcək istiqaməti, həm də Ukrayna münaqişəsinin həlli ilə bağlı mühüm suallar doğurur.
Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, bu qərar gözlənilən idi, çünki tərəflər arasında əvvəlki danışıqlar da nəticəsiz qalıb:
"Bundan əvvəlki Alyaska görüşü, eləcə də bir neçə dəfə baş tutmuş telefon danışıqları nəticə verməyib. Hətta belə bir fikir formalaşıb ki, həmin görüşlərdə və danışıqlarda Putin diplomatik baxımdan Tramp üzərində üstünlük qazanıb. Müharibənin gedişində də bu fikirlər öz təsdiqini tapmaqda idi. Belə bir nəticəsiz mühitdə Budapeşt görüşünə liderlərin getməyəcəyi gözlənilən idi, xüsusilə də Trampın. Tramp yaxşı bilirdi ki, növbəti dəfə Putinlə danışıqlarının uğursuz nəticələnməsi onun nüfuzuna ciddi zərbə vuracaq. Ona görə də Budapeştə ‘əli dolu çamadanla’ getmək istəyirdi, amma buna nail olmayıb. Əvəzində isə Kreml tərəfindən ‘yeni şərtlərlə dolu’ çamadanın Vaşinqtona göndərildiyini görüb. Bu vəziyyət Rusiya-Ukrayna münaqişəsinin hələ də həllini tapmadığını göstərir. 2023-cü ilin 22 fevralında Putinin bir çıxışı olub. Həmin çıxışında bu gün danışıqlara göndərdiyi şərtləri artıq bir cümlə ilə irəli sürüb. Müharibənin üzərindən keçən bu müddət ərzində görünən odur ki, Putin hədəflərinə çatmaqda israrlıdır və bu istiqamətdə atdığı addımların əhatə dairəsini genişləndirir. Putin bu dəfə Trampa açıq mesaj göndərib. Putin demək istəyir ki, ‘mənim bu şərtlərimi qəbul etsən, müharibəni dayandıraram’. Bu, eyni zamanda Zelenski üçün də mesaj idi. Çünki Moskva o qədər açıq və sərt şərtlər irəli sürüb ki, bu əslində ‘görüşə gəlmirəm’ mesajı idi".
Politoloq vurğulayıb ki, Rusiyanın bu sərt addımı onun özünə daha çox arxayın olduğunu göstərir:
“Bu, beynəlxalq diplomatiyada kifayət qədər təhlükəli bir addımdır. Tarixdə bir neçə dəfə bu cür hallar yaşanıb və nəticədə dünya müharibələri və ya böyük savaşlar başlayıb. Faktiki olaraq, dünyanın iki əsas güc mərkəzi arasında danışıqlarda bir tərəf digəri qarşısında üstünlük nümayiş etdirir. Digər tərəf isə bunu nə qədər həzm edəcək, bunu zaman göstərəcək. Proses formal olaraq davam edəcək, lakin nəticə gözlənilmir. Görünür ki, yaxın zamanda heç bir irəliləyiş olmayacaq. Həm Rusiya, həm də Ukrayna danışıqlar masasında öz şərtlərindən geri çəkilmir. Bu isə onu göstərir ki, yekun atəşkəs və ya sülh sənədi olsa belə, bu sənəd Ukrayna tərəfinə sadəcə təqdim oluna bilər və Zelenski bu sənədə imza atmaq məcburiyyətində qala bilər. Prosesləri gözləyək, amma hər halda, bu görüşün ləğv olunması dünyaya heç də xoş siqnal vermir".

Sura Əliyeva
