"Bunu etməsək, rus dili öyrənməli olacağıq"
NATO-nun Baş katibi Mark Rutte müttəfiqlərin ümumi daxili məhsulun (ÜDM) 5 faizini müdafiə xərclərinə ayırmalarını nəzərdə tutan hədəfi rəsmi şəkildə elan edərək deyib: “Hamımız bilirik ki, əgər bunu etməsək, qarşıdakı bir neçə ili rus dili öyrənməklə keçirməli olacağıq".
Rutte bildirib: “Biz yeni və iddialı bir sıra hərbi qabiliyyət hədəfləri üzərində razılıq əldə etdik və bu, həqiqətən çox önəmlidir. Çünki bu hədəflər NATO müttəfiqlərinin qarşıdakı illərdə konkret olaraq hansı sahələrə investisiya yatırmalı olduqlarını ətraflı şəkildə göstərir. Bunların arasında hava hücumundan müdafiə, döyüş təyyarələri, tanklar, pilotsuz uçuş aparatları, şəxsi heyət, logistika və daha bir çox sahə var. Bütün bunlar çəkindirici gücümüzü və müdafiəmizi güclü saxlamaq, 1 milyard insanımızı qorumaq üçün vacibdir".
Rutte bugünkü görüşdə təklifin geniş şəkildə dəstəkləndiyini və bu səbəbdən mütləq uğur qazanacaqlarına inandığını vurğulayıb: “Çünki hər kəs bunun vacibliyini anlayır. Rusiyanın yaratdığı təhlükəyə baxın. Çinin hərbi güc toplamasına baxın. Fərqli və daha təhlükəli bir dünyada yaşayırıq. Almaniya Silahlı Qüvvələri Baş Qərargah rəisi bir neçə gün öncə burada 2029-cu ilə qədər Rusiyanın NATO-ya uğurlu hücum edə biləcəyini dedi. Bu gün təhlükəsizik, amma əgər bu addımları atmasaq, gələcəkdə təhlükəsizlikdə olmayacağıq. Ona görə də bunu etməyə məcburuq. Hamımız bilirik ki, əgər bunu etməsək, qarşıdakı bir neçə il ərzində təhlükəsizliyimizi qoruya bilərik, amma bu illəri rus dili öyrənməklə keçirməli olacağıq".
Rutte bu addımı ABŞ prezidenti Donald Tramp istədiyi üçün deyil, 1 milyard insanı təhlükəsizlikdə saxlamaq üçün atdıqlarını vurğulayıb: “Bunlar, həqiqətən də çox böyük sərmayələrdir. Həm satınalma dəyəri, həm texniki xidmət, həm də orduya qoşulacaq on minlərlə, yüz minlərlə yeni hərbçi nəzərə alındıqda, bu belədir. Almaniyada aparılan müzakirələri gördünüz, yəqin ki, sabah bu məsələlər müzakirə olunacaq".
Haberler.com
Aygün Babayeva