Buraxılış imtahanı öncəsi həyəcan: Abituriyent, müəllim və psixoloq nə deyir?
Martın 1-də və 15-də ölkə üzrə buraxılış imtahanları keçiriləcək. Minlərlə şagirdin iştirak edəcəyi imtahanlar onların gələcək təhsil mərhələsində mühüm rol oynayır. İmtahan öncəsi abituriyentlərin hazırlıq səviyyəsi, müəllimlərin gözləntiləri və psixoloqların tövsiyələri isə xüsusi maraq doğurur. Mövzu ilə bağlı abituriyent, müəllim və psixoloqun fikirlərini öyrəndik.
Psixoloq Sibel Priyeva bildirib ki, insan həyatının müxtəlif sferaları var:
“Bu, təhsil, kariyera sferasıdır. Bu səbəbdən gələcəyə yönümlü addımlar hər zaman bizə həyəcan, hətta normadan artıq olduqda təşviş yaradır. Abituriyentlərdə və buraxılış imtahanı verən şagirdlərdə imtahan qabağı həyəcan və gərginlik artır. Ən çox səbəb bildiklərini unudacaqlarını, zamanı düzgün bölə bilməyəcəklərini, sonradan xatırlaya bilməyəcəklərini düşünmələridir. Digər tərəfdən, valideynlərin çəkdiyi əziyyəti doğrulda bilməmək qorxusu da onları narahat edir.
Abituriyentlər özlərindən daha çox valideynlərinin maddi vəziyyətinə görə narahat olurlar. Qida və yuxu rejiminin pozulması isə əlavə gərginlik və yorğunluq yaradır. Bu səbəbdən abituriyentlərə tövsiyə olunur ki, imtahandan bir gün əvvəl hazırlıqlara getməsinlər, yuxu və qida rejimini bərpa etsinlər ki, imtahan zamanı yorğunluq hiss olunmasın.
İnsan hər hansı bir məsuliyyəti üzərinə götürdükdə və bunu şüurlu şəkildə dərk etdikdə artıq stress və həyəcan yaranır. Həyəcan normadan artıq olduqda şüur passivləşir”.
Əlavə olaraq psixoloq bildirib ki, həyəcanı idarə etməyin ən yaxşı texnikalarından biri nəfəs texnikasıdır:
“Əgər əvvəlcədən tətbiq edilməyibsə, nəfəs alıb-verdikdə diqqət etmək lazımdır ki, nəfəs alarkən qarın (mədə) nahiyəsi şişsin, nəfəs verərkən isə həmin nahiyə yığışsın. Döş qəfəsini deyil, qarın nahiyəsini hərəkət etdirmək vacibdir. Mədə bizim “ikinci beynimiz” hesab olunur. Abituriyentlər tez-tez “mədəm ağrıyır”, “ürəyim bulanır” kimi şikayətlər edirlər. Nəfəs texnikasını qarınla etdikdə həmin nahiyədəki əzələlər boşalır və həyəcan minimuma enir.
Üç saatlıq imtahan müddətini düzgün idarə etmək də vacibdir. Əgər şagirddə həyəcan həddindən artıqdırsa, yəni beyin sanki dayanır, yeni informasiya qəbul edə bilmir, əllər tərləyir, ürək döyüntüləri artırsa, bu zaman mütləq şəkildə psixoloji dəstək vacibdir”.
119 nömrəli tam orta məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Nərgiz Əlisoy bildirib ki, şagirdlərin ümumi hazırlıq səviyyəsi qənaətbəxşdir:
“Blok imtahanlarının çətinlik səviyyəsinin nisbətən artması, sualların düşündürücü olması şagirdləri buraxılış imtahanına daha yaxşı hazırlaşmağa vadar edir. Bununla belə, hər il olduğu kimi, bu il də bəzi fənlərdən çətinlik çəkən, və ya ümumiyyətlə potensialı olmadığını düşünərək həmin fənnə vaxt ayırmayan şagirdlər müşahidə edirəm. Bunun doğru olmadığını düşünürəm, hər fənnə bərabər diqqət və çalışqanlıq lazımdır ki, yekun nəticə ürəkaçan olsun.
Ən çox çətinlik yaşanan istiqamətlər, xüsusilə, buraxılış imtahanlarında mətn analizi və qrammatika sahəsində olur. Şagirdlər mətni oxuyur, amma alt qatdakı məna əlaqələrini qurmaqda çətinlik çəkirlər. Xüsusilə, publisistik mətnlərdə məlumat çoxluğu olduğu üçün müəllif mövqeyini müəyyənləşdirmək, nəticə çıxarmaq və məntiqi əlaqələri tapmaq problemlidir. Qrammatika da xeyli problem yaşanır, bəzi şagirdlərimiz ,ümumiyyətlə, qrammatika oxumaqdan imtina edirlər. Bunu da onunla əsaslandırırlar ki, çox əziyyət çəkirik və qarşılığında az bal verir. Əslində, səmimi olaraq deyim ki, bu məsələdə onlara haqq qazandırıram, lakin yüksək nəticə əldə etmək üçün bütün proqramı tam şəkildə mənimsəmək lazımdır.
Əlavə olaraq Nərgiz müəllimə bildirib ki, sınaq imtahanları düzgün qurulduqda və real imtahan formatına uyğun olduqda kifayət qədər yüksək proqnoz gücünə malikdir:
“Mənim müşahidəmə görə, nəticələr təxminən 70-85% real göstəriciyə yaxın olur. Lakin burada iki əsas faktor mühüm rol oynayır. Birincisi, psixoloji hazırlıqdır. Bəzi şagirdlər sınaqlarda yüksək nəticə göstərsə də, real imtahan mühitində stress səbəbilə eyni nəticəni göstərə bilmirlər.
İkincisi, zaman idarəetməsidir. Sınaq imtahanları şagirdə vaxt bölgüsünü öyrədir. Mən hər sınaqdan sonra yalnız balı yox, səhv analizini aparıram ki, hansı tip suallarda daha çox vaxt itirilib, səhvin səbəbi bilik çatışmazlığıdır, yoxsa diqqətsizlik-bunları bilmək bizim üçün çox vacibdir. Mənim üçün əsas olan dinamika və artım tempidir. Əgər şagirdin nəticəsi stabil şəkildə yüksəlirsə, bu artıq real imtahan üçün müsbət proqnozdur. Bir məsələyə də toxunmaq istərdim ki, bəzi kurs sınaqlarında hazırlanan sınaq suallarının ya həddindən artıq asan, ya da çox çətin olduğunu müşahidə edirəm. Bu həm şagirddə, həm də valideyndə çaşqınlıq yaradır. Ona görə də, tövsiyə edərdim ki, şagirdlərimiz DİM proqram çərçivə sənədinə uyğun şəkildə tərtib olunan sualların olduğu, hər bir müəllimin rəğbətini qazanan sınaq mərkəzlərində özlərini sınasınlar”.
Son olaraq bildirilib ki, valideyn amili imtahan prosesində çox mühüm rol oynayır:
“Onların övladlarına qarşı inamı şagirdləri daha da ruhlandırır, motivasiya verir, lakin sağlam motivasiya ilə təzyiq arasında incə bir sərhəd var. Bəzən valideynlər onlara dəstək olduğunu düşünürlər, əslində isə onları davamlı təzyiq, nəzarət altında saxlamaqla həyəcanlarını daha da artırırlar. Sağlam dəstək və motivasiya şagirdin məsuliyyət hissini artırır və nəticəni müsbət istiqamətdə dəyişə bilir. Lakin həddindən artıq gözlənti və müqayisə psixoloji gərginlik yaradır. Şagird özünü daim sübut etməli olduğunu hiss etdikdə, səhv etmək qorxusu yaranır və bu da test zamanı diqqət dağınıqlığına səbəb olur. Mən valideynlərlə əməkdaşlığa xüsusi önəm verirəm. Onlara real vəziyyəti, şagirdin potensialını və inkişaf dinamikasını izah edirəm. Hədəflər real və mərhələli şəkildə qoyulmalıdır.
Mənim pedaqoji prinsipim budur ki, yüksək nəticə yalnız biliklə yox, psixoloji balansla əldə olunur. Məqsədim təkcə bal toplamaq deyil, eyni zamanda özünə güvənən və sistemli düşünən şagird yetişdirməkdir”.
Abituriyent Oktay Əliyev fikirlərini bizimlə bölüşüb. Abituriyentin sözlərinə görə, o ən çox riyaziyyat fənnində çətinlik çəkir:
“Digər fənlərlə müqayisədə riyaziyyatın düsturlarını daha mürəkkəb hesab edir. Çətinliyin həm nəzəriyyəni anlamaqda, həm də test tapşırıqlarını həll etməkdə olduğunu bildirir.
Vaxt bölgüsünə gəldikdə isə, hazırlıq zamanı hər fənn üçün ayrıca vaxt ayırmağa çalışdığını deyir. İngilis dilinə 40-45 dəqiqə, Azərbaycan dilinə 1 saat vaxt sərf edir, qalan vaxtını isə riyaziyyata ayırmağı planlaşdırır”.
Səadət Əlizadə
