Cənubi Qafqaz və Mərkəzi Asiyada Moskva niyə mövqeyini itirib?
“Rusiyanı qonşu dövlətlərdən sıxışdırıb çıxarmaq cəhdləri ölkəmizi məğlub etmək strategiyasının bir hissəsidir. Təəssüf ki, kollektiv Qərb adlanan amil öz məqsədlərini gizlətmir, Bu, Rusiyanı strateji məğlubiyyətə uğratmağın bir hissəsidir. Onlar Rusiya ilə keçmiş SSRİ ölkələri arasında nifaq salmağa çalışdıqlarını belə gizlətmir”, - deyə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın son zamanlarda regiondakı mövqeləri xeyli zəifləyib:
“Həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda Rusiyanın mövqelərində zəifləmə müşahidə olunur. Burada Qərbin təsiri də açıq şəkildə özünü göstərir. İstər Avropa İttifaqı, istərsə də Amerika Birləşmiş Ştatları son dövrlərdə Mərkəzi Asiya və Cənubi Qafqaza xüsusi maraq göstərirlər. Xüsusilə Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər müşahidə olunur. Bununla yanaşı, bu məsələ ilə bağlı Rusiyanın özünün də kifayət qədər səhvləri var. Rusiya bu günə qədər regionda mövqelərini qorumaq və qalmaq missiyasını effektiv şəkildə həyata keçirə bilməyib. Sərt və yanlış ritorik addımlar rəsmi Moskvanın mövqelərinin zəifləməsinə səbəb olub və qonşuları ilə mehriban münasibətlərin qurulmasına maneə yaradıb. Məsələn, Ukraynadakı müharibəni misal göstərmək olar. Bu münaqişə Rusiyanın qonşuları ilə münasibətlərini ciddi şəkildə təhlükə altına qoyub. Artıq Rusiya sülhsevər dövlət imicindən uzaqlaşaraq imperial maraqlara xidmət edən və qonşuları üçün etibarlı tərəfdaş kimi qəbul olunmayan bir aktora çevrilib. Bu isə regionda təsir imkanlarının zəifləməsinə gətirib çıxarıb”.
Nuray Əliyeva
