00:00:00
Yazar
Zəhra Həsənova
12.08.2026 20:36 30 2 dəq oxuma
İdman

“Çempionlar Liqasında mübarizə gərgin keçəcək” - EKSPERT

“Çempionlar Liqasında mübarizə gərgin keçəcək” - EKSPERT

Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütlükləri bəlli olub. Pley-off'da komandalar qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq. Qarşılaşmaların nəticələri turnirin əsas mərhələsində iştirak edəcək son komandaların müəyyənləşməsində həlledici olacaq.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, təsnifat mərhələsində qarşılaşmalar maraqlı və gərgin mübarizə şəraitində keçir:

 

“Futbol üzrə Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan komandalar əsas mərhələyə vəsiqə qazanmaq üçün bütün güclərini ortaya qoymalıdırlar. Çempionlar Liqasının təsnifat mərhələsi iki istiqamətdə aparılır. Bu, çempionlar yolu və liqa yolu olaraq ayrılır. Liqa yolunda Azərbaycan komandası da Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır. Düşünürəm ki, ən maraqlı qarşılaşma məhz “Sabah”la İsrailin “Makkabi” komandası arasında olacaq. Bir-birinə bərabər gücdə, yaxşı komandaların hər ikisi iddialıdır. Bu, komandanın tarixində ilk dəfə çempion olması və ilk cəhddən Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazana bilməsi baxımından çox böyük hadisə olar. Düşünürəm ki, onlar da bütün güclərini ortaya qoyacaqlar. “Makkabi” isə möhkəm və döyüşkən komandadır. Bu baxımdan, onların qarşılaşmasını xüsusilə fərqləndirmək olar”.

 

Ekspert liqa yolundakı digər qarşılaşmaların da maraqlı keçəcəyini bildirib. O, “Fənərbağça” - “Lion” və “Nöşatel” - “Bodo Qlimt” görüşlərinə diqqət çəkib:

 

“Liqa yolunda hər iki qarşılaşma maraqlıdır. “Bodo Qlimt”in ötən mövsüm Çempionlar Liqasında fantastik uğur qazanaraq 1/4 finala qədər irəliləyən komandalardan biri olduğunu nəzərə alsaq, bu görüşü izləmək maraqlı olacaq. Onların pressinq oyunu, müxtəlif istiqamətlərdən qurduqları hücumlar və açıq futbol oynamaları diqqət çəkir. Mübarizə son saniyələrə qədər davam edə bilər. Kimin qalib gələcəyini söyləmək çətindir, amma “Bodo Qlimt”i bir qədər üstün görürəm. "Fənərbağça" illərdir Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilmir. Ancaq bu il komanda artıq çox yaxınlaşıb. Uğurlu transferlər həyata keçirilib və yaxşı oyun nümayiş etdirirlər. Buna baxmayaraq, rəqib də “Lion”dur. “Lion” Fransanın köklü klublarındandır. Bu komanda ilə oynamaq həmişə çətindir. İki güclü və enerjili komandanın qarşılaşması olacaq. Düşünürəm ki, maraqlı matç izləyəcəyik. Şanslara gəldikdə isə, təbii ki, “Lion”u bir qədər öndə görürəm. Amma futbolda hər zaman sürpriz mümkündür”.

 

Fatimə Hüseynli

#gərgin #ekspert #mübarizə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər