00:00:00
Yazar
Admin User
25.11.2025 18:28 192 2 dəq oxuma
Siyasət

Ceyhun Bayramov İtaliyaya rəsmi səfərə yola düşüb

Ceyhun Bayramov İtaliyaya rəsmi səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Müqəddəs Taxt-Taca (Vatikan) və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində nazir 25–27 noyabr tarixlərində Vatikanda və İtaliyada xarici işlər nazirləri, bir sıra yüksək səviyyəli rəsmilər və diplomatik nümayəndələrlə görüşlər keçirəcək. Eyni zamanda, Ceyhun Bayramovun beyin mərkəzində çıxışı və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulur. Səfərin əsas məqsədləri ikitərəfli münasibətlərin genişləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və regional məsələlər üzrə əməkdaşlığın gücləndirilməsidir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vatikan və İtaliyaya rəsmi səfəri ölkəmizin milli maraqlarının təmin edilməsi, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və regional gündəlik üzrə mövqeyimizin Avropada aydın şəkildə təqdim olunması nöqteyi-nəzərindən xüsusi strateji önəm daşıyır:

 

"İlk növbədə onu qeyd etmək lazımdır ki, Vatikanla münasibətlərdə əsas diqqət mədəni-humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə, dinlərarası dialoqun təşviqinə və Azərbaycanın multikultural dəyərlərinin qlobal müstəvidə tanıdılmasına yönəlib. Nazir Bayramovun səfəri bu istiqamətdə tərəfdaşlığın institusional əsaslarını daha da gücləndirə bilər. Digər tərəfdən isə İtaliya ilə əlaqələr Azərbaycanın Avropada həyata keçirdiyi enerji siyasətinin və iqtisadi strategiyasının aparıcı xəttini təşkil edir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji sahəsində əməkdaşlığın artırılması, eləcə də nəqliyyat-logistika imkanlarının inkişafı Roma ilə münasibətlərin əsas istiqamətləri olaraq ifadə oluna bilər. Bu isə öz növbəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, bu səfər Cənubi Qafqazda formalaşmış yeni reallıqların Avropa paytaxtlarına çatdırılması baxımından əhəmiyyətli platforma yaradır. Post-münaqişə dövrünün çağırışları, sülh prosesinin inkişafı və regionda kommunikasiyaların açılması kimi məsələlər üzrə Azərbaycanın yanaşmalarının Avropadakı tərəfdaşlarımıza təqdim edilməsi diplomatik səylərin intensivləşməsini şərtləndirir. Beləliklə də, Ceyhun Bayramovun Avropaya səfəri Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun ardıcıl davamı olaraq ikitərəfli münasibətlərə yeni dinamika gətirir və regional sabitlik və əməkdaşlıq gündəliyinin inkişafına mühüm töhfə verir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər