Ceyhun Bayramov Qətərə gedib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazirin Doha şəhərində keçirilən Fövqəladə Ərəb–İslam Sammitində iştirakı və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Mövzu ilə əlaqədar politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətərə səfəri və Doha şəhərində keçirilən Fövqəladə Ərəb–İslam Sammitində iştirakı bir neçə kontekstdə diqqət çəkir:
“İlk öncə onu deyim ki, bu səfər sadəcə rəsmi tədbirdə iştirakdan ibarət deyil. Məsələyə daha dərin baxmaq lazımdır. Hesab edirəm, bu səfər Azərbaycanın Yaxın Şərqdəki proseslərə yumşaq, amma strateji müdaxiləsi kimi də oxuna bilər. Ceyhun Bayramovun bu cür yüksək səviyyəli sammitdə çıxışı Azərbaycanın son illərdə qazandığı beynəlxalq nüfuzun göstəricisidir. Azərbaycanın müsəlman dünyasındakı mövqeyi, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) fəallığı ilə bərabər, onun Qərblə sabit münasibətlər saxlaması Bakıya unikallıq qazandırır. Məlum olduğu kimi, BƏƏ Prezidentinin Azərbaycana səfəri baş tutub. Bu səfər İsrailin Qətərə endirdiyi zərbə sonrasında baş verib. İndi isə Azərbaycanın XİN rəhbərinin Qətərdə olması onu deməyə əsas verir ki, həm Yaxın Şərqdə gedən proseslərə Bakının marağı var, həm də Azərbaycanın “etibarlı dialoq tərəfdaşı” kimi mövqeləri güclənib”.
Politoloq sözlərinə belə davam edib ki, Qətərlə İsrail arasında yaşanan son gərginlik, xüsusilə Qətərdəki HƏMAS nümayəndələrinə hücumdan sonra bölgədə balansı pozur:
“Azərbaycan isə həm İsraillə strateji əməkdaşlıq edən, həm də ərəb və müsəlman ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətləri saxlayan nadir ölkələrdəndir. Bu unikal mövqe Bakıya regional vasitəçilik üçün müəyyən qapılar aça bilər.
Həm Qətər, həm də İsrail Azərbaycanın neytral, amma anlayışlı mövqeyini tanıyır. Odur ki, Ceyhun Bayramovun bu səfəri zamanı açıq danışılmasa belə, vasitəçilik təklifləri və ya diplomatik mesajların ötürülməsi ehtimalı real görünür”.
Aydan Məmmədova