Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, Assambleyanın hazırkı və gələcək fəaliyyəti, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə siyasi şərhci Azər Həsrət “İnformator.az” a bildirib ki, bu görüşü hələlik nəzakət ziyarəti kimi qiymətləndirmək olar:
“Çünki Ramil Həsən, təkrar seçilsə də, bu vəzifəyə yenicə gətirilib və TÜRKPA-nın Baş katibi kimi fəaliyyətinə yeni başlayıb. Buna görə də indiki mərhələdə dərin müzakirələrin aparılmasından danışmaq hələ tezdir. Təbii ki, fikir mübadiləsi olub. Ümumilikdə, münasibətlərin yeni mərhələyə keçidi qarşıdakı günlərdə və aylarda mümkün olacaq. Qeyd edək ki, Ramil Həsən əvvəllər Azərbaycan Milli Məclisinin üzvü idi. Artıq Mərkəzi Seçki Komissiyası onun yeni vəzifə ilə bağlı müraciətini nəzərə alaraq mandatını ləğv edib. Yəni o, artıq Azərbaycanın deputatı deyil. Ramil Həsən bu kimi nəzakət ziyarətlərindən birini elə Milli Məclisə də gerçəkləşdirib. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi altında parlament heyəti ilə görüş keçirib. Növbəti mərhələdə digər ölkələrin müvafiq qurumları ilə də oxşar müzakirə və görüşlərin keçirilməsi planlaşdırılır. Bundan sonra perspektiv məsələlər barədə ümumi və ortaq qərarlara gəlmək mümkün olacaq”.
Qeyd etmək lazımdır ki, TÜRKPA-nın baş katibi təkbaşına qərar qəbul edə bilmir:
“Təşkilatın toplantıları keçirilməli və həmin toplantılarda qərarlar qəbul olunmalıdır. Ramil Həsən isə bu vəzifəyə yeni seçilib və hələ toplantılar baş tutmayıb. Bu səbəbdən, hazırkı mərhələdə qərarların icrası və ya yeni təşəbbüslərin müzakirəsi mümkün deyil. Əvvəlki Baş katib dövründən qalan məsələlər ola bilər, lakin yeni baş katibin təşəbbüslərinin həyata keçirilməsi baxımından bu görüşləri hələlik sadəcə tanışlıq və nəzakət səviyyəsində qiymətləndirmək lazımdır. Bu cür görüşlərdə “xoş gördük, xoş gəldiniz, uğurlar arzulayırıq” kimi səmimi münasibət bildirilir və bununla da gələcək əməkdaşlığın təməli qoyulur.TÜRKPA ilə Azərbaycan Xarici İşlər Nazirliyi arasında əvvəllər də əlaqələr mövcud olub. Ümumiyyətlə, TÜRKPA elə bir qurumdur ki, onun fəaliyyəti mütləq şəkildə xarici işlər nazirlikləri ilə əməkdaşlıq içində həyata keçirilir. Ramil Həsən də bu ənənəyə sadiq qalaraq belə bir görüşü zəruri hesab edib. TÜRKPA çərçivəsində əməkdaşlıq həm Azərbaycan, həm də digər üzv dövlətlər üçün böyük əhəmiyyət daşıyır. Çünki biz yalnız Türk Dövlətləri Təşkilatı çərçivəsində deyil, onun müxtəlif sahələrini əhatə edən struktur vahidlərində də əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə parlamentlərarası münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına ehtiyac var. Bu istiqamətdə inteqrasiya prosesləri daha da dərinləşdirilməlidir. Bu baxımdan, düşünürəm ki, TÜRKPA çərçivəsində əməkdaşlığın genişləndirilməsi Türk Dövlətləri Təşkilatının daha effektiv quruma çevrilməsinə əlavə töhfə verə bilər”.
Cavahir Əsgərbəyli
