00:00:00
Yazar
Admin User
29.12.2025 15:47 94 3 dəq oxuma
Siyasət

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib

Çin Xarici İşlər Nazirliyi Tayvana silah satışı ilə əlaqədar ABŞ-nin 10 vətəndaşı və 20 müdafiə şirkəti barəsində sanksiyalar tətbiq edib. Nazirliyin məlumatına görə, bu tədbirlər çərçivəsində sanksiyaya məruz qalan şəxslərin və şirkətlərin Çindəki bütün aktivləri dondurulur, Çin təşkilatları və fiziki şəxslər üçün onlarla əməkdaşlıq qadağan edilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, Tayvan məsələsini ABŞ-də həm demokratlar, həm də respublikaçılar dəstəkləyir:

 

“Tayvan Çin üçün qırmızı xətdir. Tayvana edilən istənilən müdaxiləni Çin özünə, yəni suverenliyinə qarşı atılan addım kimi qəbul edir. Çin Tayvanı öz ərazisinin ayrılmaz tərkib hissəsi hesab edir və ora ötürülən hər bir silahı, atılan hər bir strateji addımı, eləcə də göstərilən iqtisadi dəstəyi birbaşa düşmənçilik kimi qiymətləndirir. Bu yanaşma Çinin daxili işlərinə qarışma kimi dəyərləndirilir.

Məhz buna görə Tayvan Çin üçün qırmızı xətt hesab olunur və ABŞ bu xətti davamlı şəkildə keçməyə çalışır. Bunun əsas səbəbi ABŞ ilə Çin arasında gedən strateji və iqtisadi rəqabətin Vaşinqton üçün prioritet olmasıdır. Bu gün Tayvan ABŞ-də hər iki siyasi partiyanı həm demokratlar, həm də respublikaçıları dəstəkləyir. Tayvana silah ötürülməsi, orada baş verən proseslər və ABŞ-nin regionda atdığı addımlar iki partiyanın da razılığı ilə həyata keçirilir. Bu dəstəyin əsas məqsədi Çinin daha da güclənməsinin qarşısını almaqdır".

 

Politoloqun fikrincə, ABŞ Çinin Tayvanla bağlı daxili proseslərini daha da gərginləşdirməyə çalışır:

 

“Tayvana ötürülən silahlar və göstərilən yardımlar ABŞ-Çin münasibətlərini getdikcə daha da gərginləşdirir. Lakin bu vəziyyət ABŞ üçün ciddi problem sayılmır, çünki Tayvanın silahlandırılması Vaşinqtonun strateji siyasətinin tərkib hissəsidir. ABŞ bu yolla Çinin ətrafında yeni bir lokal qarşıdurma ocağı formalaşdırmağa çalışır.

Məqsəd Çini geri çəkilməyə məcbur etmək, yəni onu lokal bir münaqişəyə cəlb etməkdir. Bu səbəbdən Tayvan davamlı şəkildə silahlandırılır və müxtəlif formalarda dəstək göstərilir. ABŞ ilə Çin arasında rəqabət artıq açıq şəkildə hiss olunur. Hazırda tətbiq edilən sanksiyalar ABŞ-də də təmkinlə qarşılanmır və Amerika Çinin Tayvanla bağlı daxili proseslərini daha da alovlandırmağa cəhd göstərir".

 

Ekspert vurğulayıb ki, mövcud gərginlik birbaşa müharibə ehtimalını artırmır:

 

“Bununla belə, ABŞ ilə Çin arasında bu məsələ birbaşa müharibəyə səbəb olacaq səviyyədə deyil. Daha çox iqtisadi və strateji güc nümayişindən söhbət gedir. ABŞ bu siyasəti davam etdirərək Çini öz güc balansına tabe etdirməyə çalışır.

Nəticə etibarilə, Çinlə ABŞ arasında birbaşa müharibə ehtimalı zəifdir, lakin gərginlik daim mövcuddur. Çinin səsləndirdiyi bəyanatlar və ABŞ-nin mümkün sanksiya addımları bu gərginliyin açıq göstəricisidir. Eyni zamanda, Tayvanda gedən iqtisadi proseslərdə həm Çinin, həm də ABŞ-nin rolu aydın şəkildə hiss olunur. Tayvan şirkətləri ABŞ ilə sıx iqtisadi əlaqələrə malikdir və bu ölkədə fəaliyyət göstərən çoxsaylı şirkətlər və iş adamları mövcuddur".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər