“Çinin dəstəyi olmasaydı, Rusiya müharibə edə bilməz”
“Çin Rusiyaya yardımı kəssəydi, sabah müharibə bitərdi”.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna savaşının davam etməsi Çinin də maraqlarına tamamilə cavab verir:
“Ukrayna savaşı yalnız Rusiyanı zəiflətmir, bu zəifləmə ABŞ və Avropa Birliyi ölkələrinə də aiddir. Çünki Ukraynanı hərbi cəhətdən təchiz etmək külli miqdarda maliyyə vəsaitləri hesabına başa gəlir. Bu da Qərb ölkələrində resursların müəyyən qədər tükənməsi mənasını daşıyır. Ümumilikdə hər iki tərəfin zəifləməsi Çinə uyğun gəlir. Çünki Qərb Çinə rəqib düşərgədir. Rusiya isə eyni düşərgəyə bağlı olsa belə Çin üçün arzuolunmaz dövlətlər sırasına daxildir. Rəsmi Pekin anlayır ki aqressiv neoimperialist Rusiya Çin üçün təhlükəyə çevrilə bilər. Bu baxımdan Rusiyanın zəifləməsi və Çindən asılı vəziyyətə düşməsi Çinin maraqlarına cavab verir.
Çin hazırda dünya bazarlarında ən ucuz Rusiya neftinin alır,neftin ucuz alınmasından mənfəət əldə edir. Digər tərəfdən isə Rusiya neftini almaqla Kremlə Ukrayna savaşının maliyyələşdirilməsi üçün maliyyə dəstəyi vermiş olur. Bütün bunlar rəsmi Pekinin gələcəyə yönəlik prioritet hədəfləri baxımından da nəzərə alınmış məsələlərdir.
Böyük ehtimalla Çin qlobal məkanda hegemon dövlət statusunu möhkəmlətməyə cəhd göstərə bilər. Bu zaman da ABŞ ilə kəskin rəqabət vəziyyətində qarşıdurmaya məcbur qala bilər. Təbii ki, də Çin bu prosesə indidən hazırlaşır. Hətta ABŞ və Çin arasında iqtisadi-ticari savaş çoxdan başlayıb. Belə hesab edirlər ki, Çini nəzarətdə saxlamaq üçün,həm də ABŞ-nin dünyada tək hegemon dövlət olması üçün də Çinin iqtisadi-ticari yüksəlişinin dayandırılması lazımdır. Ona görə də ABŞ bu məsələlər üzərindən Çinə təzyiq göstərməyə çalışır. Xüsusilə də Çinin Ukrayna savaşında Rusiyaya dəstək verməsi ABŞ-də əsas problemlərdən biri hesab olunur”.
Çimnaz Telmanqızı