00:00:00
Yazar
Zəhra Həsənova
29.07.2026 23:59 67 3 dəq oxuma
Siyasət

“Çinlə hərbi əməkdaşlıq regiondakı təhlükəsizlik balansına müsbət təsir göstərə bilər” - Ekspert

“Çinlə hərbi əməkdaşlıq regiondakı təhlükəsizlik balansına müsbət təsir göstərə bilər” - Ekspert

Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun bildirib ki, Azərbaycan ilə Çin arasında hərbi əməkdaşlıq qarşılıqlı hörmət və fayda prinsipləri əsasında uğurla inkişaf edir və bu əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. O qeyd edib ki, iki ölkə arasında yüksəksəviyyəli səfərlər, hərbi kadrların hazırlanması və peşəkar dialoq əməkdaşlığın genişlənməsinə xidmət edir. Hərbi attaşe, həmçinin Azərbaycanın regional sabitlik və beynəlxalq əməkdaşlıqdakı rolunu yüksək qiymətləndirərək, Pekinin gələcəkdə də Bakı ilə müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, Çinlə Azərbaycan arasında əlaqələr ölkəmiz müstəqillik əldə etdikdən sonra formalaşıb və hazırda bu münasibətlər daha da dərinləşməkdədir.

 

Onun sözlərinə görə, iki ölkə arasında yüksək səviyyəli görüşlər, siyasi, iqtisadi, mədəni və hərbi-texniki əməkdaşlıq hər iki tərəfin maraqlarına xidmət edir:

 

“Azərbaycanla Çin arasında əlaqələr ölkəmiz müstəqillik əldə etdikdən sonra mövcuddur və bu münasibətlər bu gün daha da dərinləşir. Çünki iki ölkə arasında yüksək səviyyəli görüşlər, iqtisadi, siyasi, mədəni və hərbi-texniki əməkdaşlıq hər iki ölkə üçün faydalıdır. Çin Azərbaycan Silahlı Qüvvələrinin kadr hazırlığında mühüm rol oynayır. Hər il Silahlı Qüvvələrin müxtəlif strukturlarından olan hərbi qulluqçular Çinin nüfuzlu hərbi akademiyalarında və ixtisasartırma kurslarında təhsil alırlar. Onlar peşəkarlıq səviyyələrini artırdıqdan sonra Azərbaycana qayıdaraq xidmətlərini davam etdirirlər. Bu, Silahlı Qüvvələrimizin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

 

Hərbi ekspert Azərbaycanın regional təhlükəsizlik və sabitliyə verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini də diqqətə çatdırıb:

 

“Azərbaycan elə bir geosiyasi mövqedə yerləşir ki, aparıcı dünya dövlətləri ölkəmizi dialoq platforması kimi seçirlər. Burada mühüm beynəlxalq görüşlər, siyasi, iqtisadi, mədəni və idman tədbirləri keçirilir. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Çinlə hərbi əməkdaşlığın genişlənməsi regionda təhlükəsizlik balansına müsbət təsir göstərir.
Çin dünyanın ən böyük dövlətlərindən biridir və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Bu baxımdan Azərbaycanla hərbi əməkdaşlığı regiondakı təhlükəsizlik balansına da müsbət təsir göstərmək gücünə malikdir. Hazırda əməkdaşlığın əsas istiqamətlərindən biri təcrübə və bilik mübadiləsidir. Bununla yanaşı, gələcəkdə müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində də yeni layihələrin həyata keçirilməsi mümkündür. Biz Çinlə həm kadr hazırlığı, həm də müdafiə sənayesi istiqamətində əməkdaşlıq edirik. Yüksək texnologiyaların Azərbaycanın müdafiə sənayesində tətbiqinin tərəfdarıyıq. Bu istiqamətdə bəzi layihələr artıq həyata keçirilir, bəziləri müzakirə olunur, digərləri isə perspektiv planlara daxildir”.

 

Ekspert hesab edir ki, Çin-Azərbaycan hərbi əməkdaşlığı təkcə region ölkələrinin deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diqqət mərkəzindədir:

 

“Bu əməkdaşlıq digər ölkələrin də həm Azərbaycanla, həm Çinlə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına töhfə verə bilər. Eyni zamanda dövlətlər bu əməkdaşlıqdan öz müdafiə və təhlükəsizlik imkanlarını gücləndirmək üçün istifadə edəcəklər. Azərbaycan-Çin əlaqələri çox uğurla inkişaf edir. Bu əməkdaşlıq həm Çinə fayda verir, həm də Azərbaycan bundan kifayət qədər yararlanacaq”, - o əlavə edib.

 

Fatimə Hüseynli

#təhlükəsizlik #regiondakı #balansına #müsbət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər