00:00:00
Yazar
Admin User
02.09.2025 18:05 180 6 dəq oxuma
Sosial

Cəmiyyətimizdə azadlıq anlayışı

Cəmiyyətimizdə azadlıq anlayışı

Azadlıq anlayışını hər kəs fərqli başa düşür. Buna isə səbəb bir neçə amillərdir. Hansı ki bu amillər bizim azadlıq anlayışımızı formalaşdırır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında uzman psixoloq-psixoterapevt Səbinə Bayramova bildirib ki, azadlıq anlayışı insanın daxili ehtiyacları ilə sosial mühitin gözləntiləri arasında daim dəyişən bir tarazlıq tələb edir:


"Azadlıq anlayışı fərdin psixoloji inkişafı, sosial təcrübələri və mədəni konteksti ilə sıx bağlıdır. Azərbaycanda bu anlayışın formalaşması tarixi, ailəvi, dini və ictimai təsirlərin birgə təsiri ilə baş verir. Fərdi azadlığın necə dərk edildiyi, onun sərhədləri, ifadə formaları və qəbul olunma dərəcəsi – cəmiyyətin keçmişi, kollektiv yaddaşı və mövcud sosial strukturları ilə birbaşa əlaqəlidir. Totalitar rejimlərdən keçmiş cəmiyyətlərdə azadlıq anlayışı çox zaman “nəzarətdən azad olmaq” kimi dərk edilir. Bu, Isaiah Berlinin 1969-cu ildə irəli sürdüyü neqativ azadlıq modelinə uyğundur, yəni fərdin maneələrdən, məhdudiyyətlərdən və xarici müdaxilələrdən azad olması. Belə cəmiyyətlərdə azadlıq daha çox müdaxilənin olmaması ilə ölçülür, nəinki daxili potensialın reallaşdırılması ilə.


Avtoritar ailə strukturlarında isə azadlıq anlayışı paradoksal şəkildə təqdim oluna bilər. Burada fərd azadlığı “öz fikrini ifadə etmək” kimi deyil, “sərhədləri aşmaq” və ya “qaydalara qarşı çıxmaq” kimi qəbul edə bilər. Bu ziddiyyətli təqdimat fərdin azadlıqla bağlı daxili konflikt yaşamasına səbəb ola bilər – bir tərəfdən azad olmaq istəyi, digər tərəfdən isə cəza və rədd edilmə qorxusu. Dini və mədəni təsirlər də azadlıq anlayışını formalaşdırır və onu kollektiv dəyərlərlə balanslaşdırır. Bir çox cəmiyyətlərdə fərdi azadlıq ictimai məsuliyyət, əxlaq və ənənələrlə məhdudlaşdırılır. Təhsil və media isə azadlıqla bağlı diskursların formalaşmasında mühüm rol oynayır.


Sosial media azadlıq anlayışını həm genişləndirə, həm də manipulyasiya edəbilər. Bir tərəfdən, fərdlərə öz fikirlərini, hisslərini və kimliklərini ifadə etmək imkanı verir ki, bu da pozitiv azadlıq modelinə uyğundur, yəni nəyisə etməyə azad olmaq. Digər tərəfdən, görünməyən sosial nəzarət formaları – “like” mədəniyyəti, trollinq və “cancel culture” – fərdi ifadəni qorxu və təzyiqlə əvəz edə bilər. Fərd özünü azad hissetsə də, alqoritmlər və platforma siyasətləri onun davranışlarını yönləndirə bilər, bu isə psixoloji olaraq seçim azadlığının məhdudlaşdırılması deməkdir. Sosial medianın qlobal xarakteri isə yerli dəyərlərlə qlobal azadlıq anlayışları arasında çaşqınlıq və daxili konflikt yarada bilər.


Azadlıq anlayışı insanın daxili ehtiyacları ilə sosial mühitin gözləntiləri arasında daim dəyişən bir tarazlıq tələb edir. Bu sahədə yaşanan çətinliklər həm fərdin psixoloji inkişafına, həm də onun cəmiyyətlə münasibətlərinə təsir göstərir. Fərd azad olmaq istədikdə, bu istək onun sosial rolu, ailə strukturu və kollektiv dəyərlərlə ziddiyyət təşkil edə bilər. Belə hallarda daxili konfliktlər yaranır; insan bir tərəfdən özünü ifadə etmək istəyir, digər tərəfdən isə qəbul edilməmək və ya cəzalandırılmaq qorxusu ilə üzləşir. Bu psixodinamik gərginlik fərdin özünü ifadəetmə qabiliyyətini və psixoloji rifahını məhdudlaşdıra bilər. Cəza mədəniyyəti və kollektiv travmalar da azadlıqla bağlı qorxuları gücləndirir. Tarixi və sosial təcrübələr göstərir ki, azad fikir bildirmək bəzən cəmiyyət tərəfindən təzyiqlə qarşılanır. Bu, fərdlərdə ehtiyatlılıq və özünü senzura etmə meyli yaradır, nəticədə azadlıq ehtiyacı qorxu ilə əvəz olunur. Azadlıq və məsuliyyət arasında balansın pozulması isə sosial münasibətlərdə gərginlik yarada bilər. Məsələn, fərdlər öz fikirlərini sərbəst şəkildə paylaşmaq hüququna sahib olduqlarını düşünərək, başqalarının şəxsi həyatına müdaxilə edən, təhqiredici və ya alçaldıcı ifadələrdən istifadə edə bilirlər. Bu zaman azadlıq hüququ ön plana çıxır, lakin məsuliyyət hissi, yəni etik davranış, empatiya və sosial nəticələri nəzərə alma — ikinci plana atılır. Nəticədə, ictimai gərginlik, qarşılıqlı etimadsızlıq və psixoloji zədələnmələr meydana gəlir. Azadlığı yalnız hüquq və seçim kimi görən yanaşmalar, məsuliyyət hissini ikinci plana atdıqda, kollektiv harmoniya pozulur. Azadlıq etik çərçivədə və sosial məsuliyyətlə tamamlandıqda daha sağlam və davamlı olur.


Sosial stiqma da azadlığın ifadə formalarına təsir göstərir. Geyim, münasibət və ifadə tərzləri kimi fərdi seçimlər bəzən cəmiyyət tərəfindən “normadan kənar” kimi qiymətləndirilir. Məsələn, bir kişi özündə depressiya əlamətləri hiss edir və psixoloqa müraciət etmək istəyir. Lakin cəmiyyətin bəzi stereotipləri — "kişi güclü olmalıdır”, “psixoloqa getmək zəiflikdir” kimi yanaşmalar, onu bu addımı atmaqdan çəkindirir. Bu sosial stiqma onun azad seçim haqqını məhdudlaşdırır, o, öz psixoloji ehtiyacını ifadə etmək və yardım almaq azadlığını yaşaya bilmir. Nəticədə, daxili gərginlik artır, emosional rifahı zəifləyir və sosial münasibətlərində də çətinliklər yaranır.


Azadlıq anlayışının fərqliliyi mədəniyyətlərarası psixologiyada geniş şəkildə araşdırılır. Azərbaycanda azadlıq anlayışı həm Şərqə, həm də Qərbə məxsus elementləri daşıyır. Bu hibridlik bəzən qarışıqlıq yaratsa da, eyni zamanda zəngin bir psixoloji və mədəni təcrübə təqdim edir. Azərbaycanda bu anlayış uzun illər boyunca siyasi nəzarət, kollektiv təhlükəsizlik və ictimai harmoniya ilə sıx bağlı şəkildə formalaşıb. Bu səbəbdən azadlıq çox zaman “maneələrdən azad olmaq” kimi başa düşülür, yəni fərd özünüifadə etməkdən çox, nəzarətdən yayınmaq ehtiyacı hiss edir.


Qərb cəmiyyətlərində isə azadlıq daha çox “özünü reallaşdırmaq”, “şəxsi seçim etmək” və “fərdi hüquqları qorumaq” kimi dəyərlərlə əlaqələndirilir. Məsələn, Ronald Inglehart və Christian Welzel-in 2020-ci ildə apardığı World Values Survey tədqiqatı göstərir ki, fərdi azadlıq Qərbdə rifah və psixoloji sağlamlığın əsas göstəricisi sayılır. Azərbaycanda isə bu anlayış daha çox sosial balans və kollektiv dəyərlərlə məhdudlaşdırılır.


Geert Hofstede-nin mədəniyyətlərarası araşdırmaları da bu fərqi təsdiqləyir. Onun Cultural Dimensions modelinə görə, fərdi cəmiyyətlərdə azadlıq yüksək dəyərdaşıyır, kollektiv cəmiyyətlərdə isə azadlıq ictimai məsuliyyət və uyğunlaşma ilə ölçülür. Azərbaycan bu spektrin kollektivist tərəfinə daha yaxın olduğu üçün azadlıq anlayışı burada daha ehtiyatlı, daha sosial yönümlü və bəzən qoruyucu çərçivələrlə məhdudlaşdırılmış şəkildə yaşanır. Nəticə etibarilə, azadlıq anlayışı universal bir dəyər olsa da, onun psixoloji və sosial təzahürləri cəmiyyətin tarixi, mədəni və ideolojikodları ilə formalaşır. Azadlıq anlayışının cəmiyyətimizdə daha sağlam, funksional və psixoloji baxımdan rifaha yönəlik şəkildə inkişaf etməsi üçün bir neçə mühüm tövsiyə irəli sürmək olar. İlk növbədə, fərdlərin azadlıq anlayışını yalnız “qadağalardan azad olmaq” kimi deyil, “özünü reallaşdırmaq” və “məsuliyyətlə seçim etmək” kimi dərk etməsi təşviq olunmalıdır. Bu, psixoloji yetkinliyin və daxili avtonomiyanın inkişafı üçün vacibdir. İkinci olaraq, ailə və təhsil sistemində azadlığın etik və empatiya çərçivəsində öyrədilməsi vacibdir. Uşaqlara və gənclərə azadlığın həm özünü ifadə etmək, həm də başqalarının sərhədlərinə hörmət etmək olduğunu göstərmək lazımdır.


Üçüncü tövsiyə sosial mediaya aiddir. Fərdlər sosial mediada azad ifadə ilə manipulyativ təsirlər arasında fərq qoymağı öyrənməlidirlər. Dördüncü olaraq, azadlıq anlayışını fərdi kimlik, keçmiş travmalar və sosial mühitlə əlaqəli şəkildə işlənməsi faydalıdır. Bu mövzuda çətinlik yaşayanlar üçün peşəkar psixoloq dəstəyi almaq vacibdir. Nəhayət, cəmiyyət olaraq azadlığı yalnız siyasi və hüquqi kontekstdə deyil, həm də emosional, mədəni və estetik səviyyədə müzakirə etməyə başlamalıyıq. Azadlıq həm də hiss etmək, sevmək, yaratmaq və susmaq haqqıdır. Bu anlayışın genişlənməsi cəmiyyətin psixoloji sağlamlığına, fərdlərin özünü ifadə etmə qabiliyyətinə və ümumi rifaha müsbət təsir göstərəcəkdir".

 


Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər