“Cənub Qafqaz Amerika üçün çox əhəmiyyətlidir”
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Dövlət başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələsi belədir:
“Avqust ayının 8-də üçtərəfli razılaşma olarkən orada bir neçə məsələ ilə bağlı danışıqlar olub. Bir məsələ də Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşın hazırlanması üçün bir işçi qrupun yaradılması barədə qərardır. Artıq elə bir qrup yaradılmalı və strateji tərəfdaşlığın hansı sahələri əhatə edəcəyi, nələri öz əhatəsinə alacağına dair bu işçi qrup sənədi onlar hazırlayacaq və orada nələr daxil ediləcək və qarşılıqlı razılıq əsasında strateji tərəfdaşlıq məsələlərini əhatə edəcək. Amma ümumiyyətlə, bu aydındır ki, burada daha çox siyasi, təhlükəsizlik, iqtisadi və s. bir çox sahələri əhatə edəcəkdi. Amma konkret strateji tərəfdaşlıqla bağlı razılaşmanı hazırlayacaq işçi qrupunun yaradılması barədə artıq razılıq var”.
Həmçinin şərhçi qeyd edib ki, Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinə gəldikdə Azərbaycan Cənub Qafqazda yerləşir:
“Azərbaycan Cənub Qafqazın əsas aparıcı dövlətidir. Orta yolun əhəmiyyətli bir hissəsi Azərbaycan ərazisindən keçir. Həm özünə görə, həm də Türküstana bir keçid olduğu üçün qapı olduğu üçün. Yəni Azərbaycan həm də Türküstan üçün əhəmiyyətli bir ölkədir. Cənub Qafqaz və Türküstan Amerikanın strateji maraq dairəsində olan coğrafiyadır. Bu baxımdan Azərbaycan Amerika üçün strateji əhəmiyyət daşıyır. Bu münasibətlər regiondakı digər böyük dövlətlərə, o cümlədən Rusiya İrana, Ermənistana, Gürcüstana, Türkiyəyə də bir mesaj verir ki, Amerika Azərbaycanla strateji tərəfdaş olmaq istəyir. Strateji tərəfdaşlıq isə ən yaxın dost münasibətini özündə əhatə edir. Bu həm də digər dövlətlərə, o cümlədən Azərbaycana bəzən təhdidlə, bəzən başqa xoş olmayan münasibətlərlə təsir etməyə çalışan dövlətlərə göstərirdi ki, yəni artıq ABŞ Azərbaycanla birlikdədir. Necə ki, Avropa İttifaqı, ABŞ, Ermənistan üçtərəfli saziş imzalayıblar, Ermənistanın təhlükəsizlik çətirinin üzərlərinə götürüblər və Rusiyaya da, İrana da başqalarınada bildiriblər ki, təhlükəsizlik çətiri arxasında Avropa İttifaqı və ABŞ var. İndi də eyni şey region dövlətlərinə mesaj verir ki, Azərbaycanla artıq ABŞ yaxınlıq edir, onu təhlükəsizlik çətiri kimi görür. Bu da digər güclərə o deməkdir ki, Azərbaycana təzyiqlərinizi maraqlarınızı bir çərçivəyə alın. Artıq onun ABŞ kimi müttəfiqi var”.
Aytac İbrahimova