Cənubi Karolina ölüm cəzası məhbusunu atıcılıq dəstəsi ilə edam edəcək
Cənubi Karolinada ikiqat qətldə təqsirli bilinmiş bir şəxs cümə günü gecə atıcılıq dəstəsi ilə edam ediləcək. Bu metod ABŞ-da təxminən 15 ildir ki, istifadə olunmur və heç vaxt bu ştatda tətbiq edilməyib.
67 yaşlı Bred Siqmon, ölüm cəzası üçün Cənubi Karolinanın təsdiqlədiyi digər iki üsul – ölümcül iynə və ya elektrik kürsüsü əvəzinə atıcılıq dəstəsini seçib.
Siqmon, 2001-ci ildə keçmiş sevgilisinin valideynlərini döyərək öldürməkdə təqsirli bilinib. Qətllərdən sonra o, keçmiş sevgilisini silah gücü ilə qaçırıb, lakin qadın qaçmağı bacarıb.
Siqmonun vəkilləri bildiriblər ki, müvəkkilləri “barbar” hesab edilən edam metodları arasında “mümkünsüz” bir seçim qarşısında qalıb.
"Əgər o, ölümcül iynəni və ya atıcılıq dəstəsini seçməsəydi, Cənubi Karolinanın köhnə elektrik kürsüsündə diri-diri yanaraq öləcəkdi. Amma alternativ də eyni dərəcədə dəhşətlidir," – deyə Siqmonun vəkillərindən biri, Cerald “Bo” Kinq mətbuat açıqlamasında bildirib.
“Əgər o, ölümcül iynəni seçsəydi, sentyabrdan bəri Cənubi Karolinada edam edilən üç şəxsin yaşadığı uzun və əzabverici ölüm riski ilə üzləşəcəkdi,” – Kinq əlavə edib.
“Ona yalnız atıcılıq dəstəsi ilə edam seçimi qalıb. Bred, güllələnmənin bədəninə nə edəcəyini anlayır. O, nə ailəsinə, nə şahidlərə, nə də edam qrupuna bu ağrını yaşatmaq istəyir. Amma Cənubi Karolinanın lazımsız və vicdansız məxfiliyi səbəbindən Bred əlindən gələn ən yaxşı seçimi edir,” – deyə vəkili vurğulayıb.
CNN
Nuray Qurbanlı