Cənubi Koreya qırıcıları səhvən yaşayış evlərini bombaladı
Cənubi Koreyanın qırıcı təyyarələri ABŞ qüvvələri ilə birgə keçirilən təlim zamanı səhvən yaşayış evlərini bombalayıb, nəticədə 15 mülki şəxs yaralanıb.
Seulun hərbi rəsmilərinin məlumatına görə, iki KF-16 qırıcısından atılan səkkiz MK-82 bombası təyin olunmuş hədəfdən kənara düşərək Pocheon şəhərində mülki obyektlərə ziyan vurub. Cənubi Koreyanın Müdafiə Nazirliyi hadisənin pilotun səhv koordinatlar daxil etməsi səbəbindən baş verdiyini bildirib.
Hadisə nəticəsində iki yaşayış binası, bir kilsənin bir hissəsi və bir yük maşını məhv olub. Şahidlər partlayışların şəhəri döyüş meydanına çevirdiyini bildiriblər.
Qırıcılar ABŞ və Cənubi Koreya ordularının illik "Freedom Shield" təlimləri çərçivəsində atəş məşqləri edirdi. Hadisədən sonra bütün canlı atəş təlimləri dayandırılıb və araşdırma aparılır. Hərbi hava qüvvələri mülki şəxslərə dəyən ziyan üçün təzminat ödəyəcəyini vəd edib.
Bu təlimlər Şimali Koreyanın hərbi reaksiyasına səbəb ola bilər. Keçmişdə Şimali Koreya ABŞ-Cənubi Koreya təlimlərinə ballistik raket sınaqları ilə cavab verib.
CNN News
Aydan Quliyeva