Cənubi Koreyada qırıcı təyyarələrin səhvən bomba atması nəticəsində on beş nəfər yaralanıb
Cənubi Koreyada cümə axşamı keçirilən döyüş atış təlimləri zamanı iki qırıcı təyyarənin səhvən mülki bölgəyə səkkiz bomba atması nəticəsində on beş nəfər yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir. Bu barədə yerli media məlumat verib.
Hadisə Şimali Koreya yaxınlığında yerləşən Pocheon şəhərində Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus KF-16 tipli döyüş təyyarələrinin iştirakı ilə baş verib. Bu təlimlər Cənubun Şimaldan potensial hücumlara qarşı döyüş hazırlığını qorumaq üçün mütəmadi olaraq keçirilir.
Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisə ilə bağlı araşdırma apardıqlarını və yaranan ziyana görə üzr istədiklərini bildirib. Qurum zərərçəkənlərə kompensasiya veriləcəyini də əlavə edib.
Döyüş atış təlimləri zamanı mərmilərin bəzən mülki yaşayış məntəqələri yaxınlığına düşdüyü bildirilir, lakin bu cür hadisələr nadir hallarda insan tələfatı və ya xəsarətlə nəticələnir. Yerli mediaya görə, iki nəfər boyun və çiyin sümüklərinin qırılması kimi ciddi xəsarətlər alıb.
Yonhap xəbər agentliyinin məlumatına görə, partlayış baş verən anda avtomobil idarə edən 60 yaşlı bir nəfərin boynuna qəlpə batıb.
"O anda avtomobil sürürdüm və bir anda 'partlayış' səsi eşitdim," – deyə o bildirib. "Ayılanda təcili yardım maşınında idim".
BBC
Nuray Qurbanlı