Conference of European Rabbis-ın Bakıda keçiriləcək toplantısı ləğv edilib
Bakıda noyabrın 3-6-ı tarixlərində keçiriləcəyi planlaşdırılan 33-cü “Conference of European Rabbis” (CER) toplantısı ciddi təhlükəsizlik xəbərdarlıqları səbəbindən ləğv edilib.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a bildirib ki, tədbirin ləğv edilməsi qərarı tamamilə təşkilatçılara məxsusdur və Azərbaycanın bu məsələdə heç bir rolu yoxdur:
“Bu qərarı sırf konfransın təşkilatçıları qəbul edib. Azərbaycan nə tədbirin təşkili, nə də onun ləğvi ilə bağlı hər hansı reaksiya verilməyib. Bu xəbəri ilk olaraq İsrail mediası yayıb və onların iddiasına görə, İran tərəfinin bəzi hədələyici jestləri bu qərarın qəbuluna səbəb olub. Azərbaycanın təhlükəsizlik səviyyəsi yüksəkdir və belə beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün şərait mövcuddur. Azərbaycan təhlükəsiz bir dövlətdir. Bu ölkədə sabitlik, ictimai asayiş və təhlükəsizlik mexanizmləri saat kimi dəqiqliklə işləyir. Tədbirin təxirə salınması qərarının Azərbaycanın daxili təhlükəsizlik vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə təşkilatçılar və xarici tərəflər arasında verilən qərardır. Tədbirin ləğvi həm regional gərginlik, həm də İsrail–İran münasibətlərindəki qarşıdurmanın Cənubi Qafqazdakı əks-sədası kimi qiymətləndirilə bilər. Azərbaycan isə bu vəziyyətdə neytral mövqedə qalaraq öz təhlükəsizlik sabitliyini qoruyur”.
Fatimə Hüseynli
