00:00:00
Yazar
Nərmin Həşimova
20.07.2026 17:47 36 2 dəq oxuma
Siyasət

“CPC terminalının uzun fasiləsi hasilatı azaldacaq”- ŞƏRH

“CPC terminalının uzun fasiləsi hasilatı azaldacaq”- ŞƏRH

Qazaxıstan dron hücumundan sonra CPC terminalında neft yüklənməsini dayandırıb.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Qazaxıstanın dron hücumundan sonra neft yüklənməsini müvəqqəti dayandırmaq qərarı  regional logistikaya ciddi təsir göstərəcək:


“Bu həm də qlobal neft bazarına qısamüddətli, eyni zamanda  struktur xarakterli ciddi təsirlər göstərmək potensialına malikdir. Qlobal bazar baxımından bu kəmər dünya neft tədarükünün təxminən 1,2-1,5%-ni (günlük 1,2-1,4 milyon barel) təmin edən kritik bir arteriyadır. Terminalda əməliyyatların dayanması qlobal təklif zəncirində gözlənilməz kəsinti yaradaraq xam neft qiymətlərində volatilliyi artırır və brent markalı neftə qiymət təzyiqi formalaşdırır. Xüsusilə Qazaxıstanın "Tengiz", "Kaşağan" və "Qaraçağanaq" yataqlarından hasil edilən və Avropa emal zavodları üçün vacib xammal sayılan yüngül, aşağı kükürdlü "CPC Blend" markalı neftin çatdırılmaması dənizyanı emal mərkəzlərini təcili olaraq alternativ yüngül neft növlərinə yönəlməyə məcbur edir. Bu da analoji keyfiyyətli neft markalarının premium qiymətini yüksəldir. Regional müstəvidə bu qərar Qazaxıstan iqtisadiyyatı və onun enerji ixracı mexanizmi üçün birbaşa çağırışdır. Çünki Qazaxıstan xam neft ixracının təxminən 80%-ni məhz bu marşrutla həyata keçirir. Terminalın uzun müddət fəaliyyətsiz qalması daxili neft çənlərinin sürətlə dolmasına və nəticədə iri yataqlarda hasilatın məcburi şəkildə azaldılması riskinə gətirib çıxara bilər. Qazaxıstan alternativ ixrac kanallarına -Transxəzər marşrutu ilə Bakı-Tbilisi-Ceyhan boru kəmərinə, Çin istiqamətinə və ya Atırau-Samara xəttinə neft həcmlərini yönəltməyə çalışsa da, bu marşrutların mövcud ötürmə qabiliyyəti XBK terminalının gücünü tam əvəz edəcək miqyasda deyil. Bununla yanaşı, Qara dəniz hövzəsində mülki enerji və tanker infrastrukturuna hücumların artması gəmiçilik sektorunda müharibə riski sığortasının qiymətlərini kəskin yüksəldir. Bu da təkcə Qazaxıstan neftinin deyil, ümumilikdə regiondan daşınan enerji resurslarının logistik xərclərini artırır. Yekun olaraq, baş verən hadisə qlobal enerji təhlükəsizliyində infrastrukturların nə qədər həssas olduğunu göstərir. Mərkəzi Asiya enerji resurslarının marşrutlarının diversifikasiyası zərurətini bir daha gündəmə gətirir”.


Nurgün Qənizadə

#fasiləsi #terminalımın #xəbər #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər