Cüdo üzrə Liqa yarışının III turunda növbəti mükafatçılar müəyyənləşib
Cüdo üzrə U-17 Liqa yarışının III turu davam edir. Turnirin ikinci günündə 193 yeniyetmə cüdoçu müxtəlif çəki dərəcələrində mübarizə aparıb və növbəti medalçılar müəyyənləşib. Yarış gənc idmançıların inkişafı və gələcək milli komanda üçün seçim baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı idman eksperti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib ki, Liqa yarışları həqiqətən çox əhəmiyyətlidır. Çünki liqa yarışları idmançıların mütəmadi yarış təcrübəsi əldə etməsinə şans verir:
"Heç bir məşq bu yarışın yerini vermir. Hətta liqa yarışı 10-20 məşqdə iştirak etməyin əvəzini verir. İdmançılar yaşından asılı olmayaraq inkişaf etmək üçün mütləq şəkildə yarışlarda iştirak etməlidirlər. Liqa yarışlarının belə bir xüsusiyyəti var ki, onlar mütəmadi keçirilir və bu mütəmadilik də idmançıların taktiki, strateji yarış qabiliyyətini, təcrübəsini artırmaq imkanı verir. Bu yarışları çox çox müsbət qiymətləndirirəm. Azərbaycan Cüdo Federasiyasının bu məsələlərdə təcrübəsi çox böyükdür. Yarışların təşkilat məsələsində xeyli irəliləyiblər, inkişafları var. Təşkilati baxımdan da çox yaxşı səviyyədədirlər. Düşünürəm ki, bu proses davam etdirilməlidir və yəqin ki, bunun bir nəticəsi olacaq. Gələcəkdə həmin bu yarışlarda iştirak edən yeniyetmə və gənclər böyüklər arasında yarışlarda daha rahat, hazırlıqlı çıxış edə biləcəklər. Bu da bizim ölkəmizin bayrağının beynəlxalq arenalarda daha çox dalğalanmasına, himninin daha çox səsləndirilməsinə, ölkəmizin adının daha uca zirvələrdən eşidilməsinə gətirib çıxardacaq".
Zəhra Möhübbətova