“D-8 təşkilatı olduqca mühüm əhəmiyyət kəsb edən bir qurumdur”
D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməyib.
Mövzu ilə bağlı Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, D-8 təşkilatı olduqca mühüm əhəmiyyət kəsb edən bir qurumdur və bu təşkilat İstanbulda, Türkiyənin vasitəçiliyi ilə, mərhum Türkiyə baş naziri Nəcməddin Ərbakanın təklifi əsasında yaradılmış bir təşkilatdır:
"Dünya əhalisinin 1 milyarddan çox hissəsini təmsil edir və əsasən İslam ölkələridir. Kifayət qədər inkişaf etmiş İslam ölkələri burada təmsil olunur. Misir, İndoneziya, Türkiyə, Pakistan kimi mühüm əhəmiyyətə malik ölkələr bu təşkilatın üzvləridir. Bu baxımdan Azərbaycanın belə bir mötəbər quruma üzv olması həqiqətən də dövlətimizin İslam dünyasında nüfuzunun gücləndiyini və eyni zamanda qlobal sistemdə də əhəmiyyətli işlər həyata keçirdiyini müşahidə edirik. İqtisadi sferada çox geniş bir anlayış var. Bu ölkələr arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Texnoloji sahədə əməkdaşlıq mövcuddur və bu da texnoloji məhsulların ixracına böyük töhfə verəcək mühüm bir addımdır. Digər tərəfdən, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə də müsbət təsir edəcək. Ölkəmiz həm Türk Dövlətləri Təşkilatının, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biri kimi qlobal sistemdə əsas oyunçulardan biri kimi iştirak edir. D-8 təşkilatına üzvlük isə Azərbaycana imkan verəcək ki, dünya geosiyasi atmosferində daha mühüm nailiyyətlər əldə etsin".
Günel Əlili
