Dərsliklər şagirdlərin ehtiyacına cavab verirmi? – Qrammatik səhvlər narazılıq yaradır
Dərsliklər şagirdlərin bilik əldə etməsində, dünyagörüşünün formalaşmasında və ana dilinin düzgün öyrənilməsində mühüm rol oynayır. Şagirdlər yeni məlumatları məhz bu vəsaitlər vasitəsilə mənimsəyir, qaydaları öyrənir və biliklərini möhkəmləndirirlər. Lakin dərsliklərin məzmununda yol verilən səhvlər tədris prosesinə də təsirsiz ötüşmür. Xüsusilə 7-ci sinif Azərbaycan dili dərsliyində aşkarlandığı bildirilən qrammatik səhvlər və anlaşılmaz ifadələr son dövrlərdə müzakirələrə səbəb olub.
Bəs dərsliklər şagirdlərin ehtiyaclarına nə dərəcədə cavab verir? Dərsliklərdəki qrammatik səhvlər onların təhsilinə necə təsir göstərir?
Məsələ ilə bağlı “İnformator.az” a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib ki, dərslik şagird üçün yalnız məlumat mənbəyi deyil, həm də düzgün dil və təfəkkür nümunəsidir:
“Onun sözlərinə görə, şagird dərslikdə gördüyü məlumatı doğru qəbul edir və qaydanın əsas göstəricisi hesab edir. Buna görə də xüsusilə ana dili dərsliklərinə daha yüksək tələblər qoyulmalıdır”.
Ekspert qeyd edib ki, dərsliklərdəki qrammatik səhvlər və anlaşılmaz ifadələr ciddi şəkildə araşdırılmalıdır:
“Belə səhvlər şagirdlərin mövzunu düzgün mənimsəməsinə mane olur, yanlış məlumatların yadda qalmasına və dilə marağın azalmasına səbəb ola bilər. Eyni zamanda müəllimlər də çətin vəziyyətlə üzləşirlər. Onlar ya dərslikdəki yanlış məlumatı düzəltməli, ya da düzgün olmayan nümunəni izah etməli olurlar”.
Əmrah Həsənlinin fikrincə, dərsliklər çapdan əvvəl elmi məzmun, metodika, dil-üslub və texniki baxımdan ayrı-ayrılıqda peşəkarlar tərəfindən yoxlanılmalıdır:
“Bundan əlavə, dərsliklərin kütləvi nəşrdən əvvəl real sinif şəraitində sınaqdan keçirilməsi vacibdir. Aşkarlanan səhvlər isə dərhal siyahıya alınmalı, müəllim və şagirdlərə müvafiq düzəlişlər barədə məlumat verilməli və növbəti nəşrdə aradan qaldırılmalıdır”.
Mövzu ilə bağlı 182 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Fərqanə Bayramova da fikirlərini bölüşüb. O bildirib ki, dərslikdə hər hansı qrammatik səhv aşkarlandıqda bunu şagirdlər üçün kiçik tədqiqat işinə çevirməyə çalışırlar:
“Bəzən şagirdlər də dərsliklərdəki yanlışlıqları özləri aşkarlayaraq müəllimlərinə bildirirlər. Belə hallarda onlara bunun texniki xəta ola biləcəyi izah edilir. Bununla belə, müəllim hesab edir ki, dərsliklərdə belə səhvlərin olmaması daha məqsədəuyğundur. Çünki şagirdlər həmin yaş dövründə öyrəndiklərini yadda saxlayır və sonradan yanlış məlumatın düzəldilməsi çətinləşə bilər”.
Dərsliklərdəki səhvlər yalnız müəllimlərin deyil, şagirdlərin də diqqətini çəkir. 182 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Vüsal Abbasov bu cür halların dərsin gedişinə mənfi təsir göstərdiyini bildirib:
“Onun sözlərinə görə, dərslikdə səhvlərlə qarşılaşdıqda şagirdlərin diqqəti əsas mövzudan yayınır və dərs zamanı həmin yanlışlıqların müzakirəsinə vaxt ayrılır”.
Aysu Abbasova