Dünya nüvə müharibəsinin astanasında
Qlobal gərginlik artır. ABŞ Prezidenti Donald Tramp “Üçüncü dünya müharibəsi olmayacaq” desə də, ekspertlər Ukrayna müharibəsini yeni soyuq müharibə adlandırırlar.
Rusiya, ABŞ və Çin arasında rəqabət dərinləşib, NATO–Moskva xəttində nüvə təhdidləri çoxalır. Serb siyasətçi Aleksandr Vulin bildirib ki, “dünya nüvə müharibəsinin astanasındadır” və böyük dövlətlər razılığa gəlməlidirlər. Fransanın Ukraynaya qoşun göndərməsi ehtimalı isə Avropada birbaşa Rusiya ilə toqquşma riskini artırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib ki,son illərdə qlobal gərginliyin artdığı, xüsusilə Rusiya, ABŞ və Çin arasında olan rəqabətin yeni təhlükəsizlik təhdidləri yaratdığı ortadadır:
"ABŞ Prezidenti Donald Trampın "Üçüncü dünya müharibəsi olmayacaq" ifadələrinə baxmayaraq nüvə müharibəsi riskinin ortadan tamamilə qalxdığını demək mümkün deyil.
Belə ki, Rusiya ilə NATO arasındakı münasibətlər son dərəcə gərginləşib. Rusiya, Ukrayna ilə münaqişənin başlandığı gündən etibarən nüvə silahlarını strateji təzyiq vasitəsi olaraq istifadə etməyə çalışır. NATO-nun şərqə doğru genişlənməsi və xüsusilə Ukraynanın bu blokla əlaqələrinin güclənməsi, Rusiya"qırmızı xətt" olaraq qiymətləndirir. Başqa szölə desək Rusiyanın nüvə şantajı və NATO-nun genişlənməsi ilə bağlı münaqişələrin davam etməsi, hər iki tərəfin öz gücünü nümayiş etdirməyə çalışması, müharibə vəziyyətini daha da gərginləşdirir. Lakin, hər iki tərəf də nüvə müharibəsinin qaçılmaz fəlakətlər doğuracağını yaxşı bilirlər, ona görə də bu addımlar daha çox "şantaj" xarakterli hesab etmək olar. Amma yenə deyirəm nüvə silahlarının istifadəsi, bu gərginliyin artan təhdidləri fonunda həmişə bir ehtimal olaraq qalır. Odur ki, müharibənin bu mərhələyə keçməsi riskinin azaldılması üçün ciddi diplomatik səylər tələb olunur.
Şübhəsiz ki, Fransa və digər Avropa ölkələrinin Ukraynaya qoşun göndərməsi, qlobal güc balansını əhəmiyyətli şəkildə dəyişdirə bilər. Rusiya üçün belə bir addım birbaşa qarşıdurma yaratmaq və müharibənin miqyasını genişləndirmək deməkdir. Rusiya, NATO-nun şərqə doğru genişlənməsini öz milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Ona görə də Fransa və ya hər hansı bir digər NATO ölkəsinin Ukraynaya qoşun göndərməsi hərbi və siyasi gərginliyin artmasına gətirib çıxara bilər. Amma açığı mən Fransanın və ya hər hansı digər bir ölkənin indiki şərtlər daxilində Ukraynaya qoşun göndərəcəyini düşünmürəm. Qərb liderləri özləri də belə bir qərarın ancaq müharibədə atəşkəs əldə olunacağı halda mümkün olacağını deyirlər. Atəşkəs isə hələ ki, Rusiya tərəfindən qəbul olunmur. Digər bir tərəfdən isə Avropa Birliyi ölkələrinin Ukraynaya qoşun göndərməsinin həmin ölkələrin daxilində necə qarşılanacağı da böyük suallar doğurur.
Problem ondadır ki, Böyük dövlətlərin yeni bir təhlükəsizlik sazişi imzalamağa hazır olub-olmaması da hələ ki sual altındadır. Hazırda ABŞ, Rusiya və Çin arasında olan geosiyasi qarşıdurmalar, belə bir sazişin əldə olunmasını çətinləşdirir. Rusiya ilə ABŞ arasında nüvə silahlarının azaldılması və yeni təhlükəsizlik razılaşmalarının əldə edilməsi üçün danışıqlar davam etsə də, gərginliklər bu müzakirələrin önünü kəsir. Bununla yanaşı, yeni bir təhlükəsizlik çərçivəsinin qurulmasına çox böyük ehtiyac var. Bunun üçün isə yüksək səviyyədə müzakirələrin aparılması şərtdir. Təəssüf ki, indiki mərhələdə belə bir sazişin reallaşması üçün hər hansı perspektiv yoxdur".
Aişə Mustafayeva