Dünyada törədilən terror hadisələri
2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilən terror hadisəsindən 22 il ötür. Bəs terrorizm nədir?
Terrorizm mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır.
Qeyd etdiyimiz kimi bu zorakılığın biri də 2001-ci il sentyabrın 11-i Amerikanın Nyu-York, Vaşinqton şəhərlərində törədilib. Terrorçular qaçırdıqları sərnişin təyyarələrini Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbli qoşa binalarına, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpıb. Daha bir təyyarə Pitsburq şəhərindən 80 mil məsafədə vurulub. Hadisə 3 min nəfərin ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib. Həyatını itirənlərin 343-ı xilasedicilər olub, Nyu-York şəhərinə isə 36 milyard dollar həcmində zərər dəyib, "Əkiz" qüllələrin dağıntılarının təmizlənməsi 8 aydan çox vaxt aparıb.
O dövrün rəsmi məlumatlarına göre dəhşətli terroru "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürür. Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başlayır. 72 saat aparılan araşdırma nəticəsində "Əl-Qaidə" ilə bağlılığı olan 19 terroristin şəxsiyyəti müəyyənləşdirilir. Bu hadisə bütün dünyanı qorxuya salır, qüdrətli dövlət olan ABŞ-da bu terror hadisənin baş verməsi inanılmaz idi.
Digər hadisə isə Anqola ilə bağlıdır. 2001-ci il 10 avqust, Anqola.Fransa beynəlxalq radiosunun (RFİ) xəbərinə görə, UNİTA silahlı qruplaşmasının sərnişin qatarını atəşə tutması nəticəsində 259 nəfər həlak olur, 160 nəfər yaralanır. 1975-də müstəqillik əldə edən Anqolanın tarixində bu ən qanlı hadisə kimi düşür. Bir-neçə həftəyə danışıqlara başlamağı qərara alan hökumət və UNİTA bu hadisədən öz məqsədləri üçün istifadəyə çalışır. Din xadimləri araya girərək həm dövləti, həm də hərbi qruplaşmanı danışığa təhrik etsə də artıq gec idi. 1975-dən bəri ölkədə davam
edən çəkişmələr nəticəsində neft və almazla zəngin olan bu ölkənin 1 milyon vətəndaşı həyatını itirib, yüz minlərlə insan isə tərki vətən olub.
Kanadada 22 iyun 1985-ci ildə terror hadisəsi baş verib. Vankuver hava limanında Sinqh adlı bir nəfər baqajını "Canadian Pacific Airlines"-ın (CP) Tornto reysi üçün qeydiyyata saldırıb xahiş edir ki, baqaj Toronto-Bombey reysinə transfer edilsin. Özü isə təyyarəyə minmir. Təyyarə Torontoya enərkən Sinqhin verdiyi baqajda partlayış olur. Nəticədə 2 işçi həlak olur, 4 nəfər yaralanır.
Saat 20.37-də göyərtəsində Avstraliya imperatriçəsi olan təyyarə havaya qalxır. Sinqh isə 38-ci yerə bilet alsa da sərnişinlərin arasında yox idi. 07.15-də "Air İndia"ya ya məxsus təyyarə İrlandiyanın radarlarından itir və partlayış səsi gəlir. Təyyarənin qalıqları İrlandiya sahillərindən 250 km aralıda 2000 metr dərinlikdə aşkar edilib. Terror aktı nəticəsində 307 sərnişin və 19 heyət üzvü həlak olub. Bu hadisə Kanada vətəndaşlarına qarşı törədilən ən böyük hücum idi. Həlak olanların 280-i kanadalı olub. Hadisəni törədən hind mənşəli Kanada vətəndaşı Talwinder Singh Parmar isə 2005-ci ildə Pencabda polislə atışma zamanı öldürülüb.
21 dekabr 1988-ci ildə baş verən faciə "Lokerbi hücumu" adlanır. London Nyu-York reysi ilə uçan təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra Lokerbi qəsəbəsi üzərində partlayıb. Hadisə zamanı 270 nəfər, o cümlədən 11 qəsəbə sakini həlak olub. Hadisədə əvvəl İran təqsirləndirilsə də, sonradan Liviya məsuliyyəti üzərinə götürüb. Hadisədə təqsirləndirilən Liviya vətəndaşlarından biri — Abdelbaset Ali Mohmed Al Megrahi sərbəst buraxılıb, Al Amin Khalifa Fhimah isə ömürlük həbsə məhkum edilir. 2009-da o səhhəti ilə əlaqədar olaraq azad edilir və vətənində qəhrəman kimi qarşılanır. Liviya isə hadisə qurbanlarının hər birinin ailəsinə 100 000 dollar yardım edir. BMT isə Qəddafi rejiminə tətbiq etdiyi sanksiyaları ləğv edib.
"Terror bütün dünyanın başında olan ən böyük bəladır. ABŞ-da baş verən terror hadisəsi göstərdi ki, terror nə qədər dəhşətli bir təhlükədir, heç kim bu təhlükədən sığortalanmayıb". Politoloq Natiq Miri belə deyir. Əlavə edir ki, "sənin terrorçun, pisdir mənimki yaxşıdır" ifadəsi kökündən yanlışdır. "ABŞ-da baş verən bu hadisə onu göstərdi ki, terroru bəsləyənlər, maliyyələşdirənlər, terrorçulardan istifadə edib başqa dövlətlərə təzyiq edənlərin gün gələcək terror özlərini vuracaq". Natiq Mirinin sözlərinə görə, bu terror hadisəsindən ABŞ nəticə çıxarmayıb, nə qədər ki terrorçulara qarşı qlobal mübarizə olmayacaq, o qədər də bu dünyanın başına bəla olacaq.
ÇİNARƏ MURADOVA
